“Azərişıq”: Düşmən atəşi nəticəsində yaşayış məntəqələrimizin elektrik şəbəkəsinə vurulan ziyan aradan qaldırılırbackend

“Azərişıq”: Düşmən atəşi nəticəsində yaşayış məntəqələrimizin elektrik şəbəkəsinə vurulan ziyan aradan qaldırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb. Bununla belə təmas xəttində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.

ASC-dən verilən məlumata görə, cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunub. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.

Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etibarən ASC-nin sədri Vüqar Əhmədovun əmri ilə xüsusi qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırır.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhəboyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.

Qeyd edək ki, Ordu sıralarına indiyədək ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq qoşulub.

İnterpress.az