İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində yaradılmış “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-ni dövlət qeydiyyatına alıb.
İnterpress.az xəbər verir ki, yeni şirkət MSN ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 40-da qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 500 milyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 500 milyon ədəd adi səhm əsasında formalaşıb. Səhmdar cəmiyyətinin qanuni təmsilçisi isə Emil Əhməd oğlu İbrahimovdur.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 7-də “Azərsilah”ın yaradılması haqqında fərman imzalayıb. Bu il fevralın 21-də Nazirlər Kabineti qurumun Nizamnaməsini, strukturunu və işçilərinin say həddini təsdiq edib.