Baqajını götürmək üçün düşən sərnişin yeni doğulmuş uşağını təyyarədə qoyub.
İnterpress.az xəbər verir ki, hadisə Rusiyada baş verib.
Moskva-Novokuznetsk reysi ilə uçan sərnişin baqajını götürmək üçün gedən zaman yeni doğulmuş uşağını təyyarədə qoyub. O, stüardessadan geri qayıdana qədər körpəyə baxmasını istəyib. Təbii ki, onu təyyarəyə buraxmayıblar.
Məlumata görə, uşaq mayın 6-da Novokuznetskə gələn təyyarənin göyərtəsində tapılıb. Sərnişinlər enəndən sonra stüardessalar anlayıblar ki, salondakı oturacaqlardan birində yeni doğulmuş körpə və bir neçə çanta var.
Təyyarə komandiri tapıntı barədə dərhal polisə məlumat verib və hadisə yerinə bir heyət gəlib. Araşdırma zamanı körpənin anası da tapılıb.
26 yaşlı Mədinə polisə ilk dəfə təyyarədə uçduğunu izah edib. O, baqajını götürməyə gələndə çaşqınlıq yaranacağından narahat olub və əşyalarını alanda uşağı təyyarədə qoyub, sonra onun yanına qayıtmaq qərarına gəlib.
Eyni zamanda o, stüardessalardan birinə planları barədə xəbərdarlıq edib və qadından körpəyə göz qoymasını istəyib. Lakin çox güman ki, stüardessa qadının niyyətini tam başa düşməyib.
Mədinə əslində baqajı götürüb ərinə təhvil verib, ancaq körpə üçün qayıtmaq istəyəndə onu daha göyərtəyə buraxmayıblar.
Hadisə yerinə yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlər gəlib. Polislə birlikdə Mədinəyə bunun icazəli olmadığını başa salıblar və körpə ilə getməsinə icazə veriblər.
Xuraman Etibarlı
İnterpress.az