Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb.
İnterpress.az xəbər verir ki, burada məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanların təhlükəsizliyini təmin etməkdir.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bir ilə yaxındır nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Həmin yolun üzərində 15 min ağacın əkilməsi nəzərdə tutulur.