Belə strateji tərəfdaşlıq olmaz, bu, xəyanətdir” – Fəzail İbrahimlibackend

Belə strateji tərəfdaşlıq olmaz, bu, xəyanətdir” – Fəzail İbrahimli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezidentin Hacıqabul rayonuna səfəri və səfər zamanı çox böyük açılışlar etməsi regionların sosial-iqtisadi inkişafını əyani şəkildə göstərdi. Cənab Prezident səfər zamanı verdiyi müsahibədə bu gün üçün çox aktual olan, hər kəsi düşündürən və “mən xalqımdan heç nəyi gizləmirəm” düşüncəsi ilə bir sıra məsələlərə aydınlıq gətirdi. Xüsusən də bizim üçün taleyüklü məsələ olan Qarabağ və Zəngəzur məsələsi oldu. Qarabağ problemi həll olunmasına baxmayaraq mənfur düşmən hələ də öz çirkin niyyətlərindən əl çəkmir və bunu davam etdirməyə çalışır.  Azərbaycanın haqq işinə kölgə salmaq, hansısa formada  problemlərə cəlb edib, təzyiq  etmək üçün bütün formalardan istifadə edir. Amma cənab Prezident bir daha təkcə Ermənistana yox, bütün dünyaya bəyan etdi ki, Azərbaycanla danışmağın bir dili var. Bu da  beynəlxalq hüquq normaları daxilində, bərabər hüquqlu əsasda danışmaq olar”.

Bunu açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

Parlament üzvü bildirib ki, cənab Prezident müsahibəsində birbaşa ifadə etməsə də, dəmir yumruğun öz yerində olduğunu bəyan etdi: “Açıq formada bəyan etdi ki, hər kəs Azərbaycanın haqq işinə müdaxilə edib problem yaradarsa, öz gücümüzü və qüdrətimizi göstərməyə hazırıq”.
Vitse-spiker əlavə edib ki, cənab Prezident müsahibəsində əsasən iki mühüm məsələyə diqqəti çəkdi: “Bunlardan biri “İsgəndər-M” raketi ilə bağlı olan məsələ idi. Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı yaranan vəziyyətə Prezident kifayət qədər açıq-aydın fikir bildirdi ki, “sən vurmamısan, mən yıxılmamışam”. Bu silah necə əldə edilib? Oğurluqdursa, cavab verilməlidir, cinayətkarlar tapılıb üzə çıxarılmalıdır. Bu  beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Belə strateji tərəfdaşlıq olmaz, bu, xəyanətdir.

İkinci əsas məsələ Zəngəzurla bağlı olan fikirlərdir. Cənab Prezident bir daha  bəyan etdi ki, biz  Zəngəzurun həlli məsələsindən vaz keçməmişik və biz mütləq qayıdacağıq. Amma burada məsələnin həllinin iki yolu var. Birincisi, beynəlxalq hüquq normalarına və 10 noyabrda imzalanmış sənədin mahiyyətinə uyğun olaraq sülh və danışıqlar yoludur ki, bu ən düzgün və doğru yoldur. İkincisi isə cənab Prezidentin dediyi kimi güc yolu ilə… Təbii ki, Azərbaycan ikinci yola deyil, birinci yolla məsələnin həllinə üstünlük verir. İkinci yol isə ən son variantdır.

Cənab Prezident bu iki məsələ ilə bağlı səsləndirdiyi bəyanatları qalib dövlətin, qalib Prezidentinin ifadələri kimi qiymətləndirmək lazımdır. Arxasında hər zaman xalqın böyük dəstəyini və gücünü  hiss edən, inkişaf etmiş  güclü bir dövlətin başçısının bəyanatı idi. Cənab Prezident beynəlxalq münasibətlər sistemində özünü bir daha sülh və sabitliyin tərəfdarı kimi nümayiş etdirdi. Cənab İlham Əliyev  təkcə qalib ölkənin Prezidenti kimi yox, həm də qalib dövlətin xilaskar sərkərdəsi olduğunu göstərdi. Cənab Prezident bu fikirləri ilə xalqın ruhunu bir daha qaldırdı və yürütdüyü siyasətdə ardıcıl, qətiyyətli olduğunu bir daha bəyan etdi”.

 

İnterpress.az