Çətin dözdük bu qubara, Cəbrayıl!backend

Çətin dözdük bu qubara, Cəbrayıl!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada Vətən həsrətindən, torpaq nisgilindən, yurd göynərtisindən ağır dərd varmı?

Çətin!

Özü də elə yurd ki, bir əli ilə Ərgünəş və Ziyarət dağlarının başı ağ çalmalı zirvələrinə dirsəklənib, ayağını isə xan Arazın lal axan suları yuyur…

Elə yurd ki, Xudafərini var, Diridağı var, Hacı Qaraman ocağı, Şıxbaba türbəsi, Qurbantəpə, Daş məqbərəsi, Əfəndilər piri, Yel, Düldül kimi neçə-neçə müqəddəs ziyarətgahı var…

Elə yurd ki, Dirili Qurbanı, Aşıq Pərisi, Mücrüm Kərəmi, Aşıq Humayı var…

Şaqay yüksəkliyinə qalxıb ətrafa baxanda bir ucu üfüqlərə dirənən Araz sularının layla çaldığı Cəbrayılın əksər kəndləri ovuc içi kimi aydın görünür.

Düz 28 il o yerlərin həsrəti ilə qovrulmuşuq, sızım-sızım sızlamışıq, göyüm-göyüm göynəmişik. Gecə yatanda da yönümüzü o səmtə tutub yatmışıq ki, bəlkə yuxumuza girə…

Amma yuxumuza da girməyən başımıza gəldi. Xəyallar həqiqət, nağıllar gerçək oldu.

O gün…

Oktyabrın 4-ü idi…

Həmin gün illərlə sinələrin altında qövr edən, ürəklərə çalın-çarpaz dağ çəkən inanılmaz gerçəklik baş verdi. Müqəddəs Qarabağ torpağı uğrunda gedən haqq savaşı xalqımızın böyük Zəfəri ilə başa çatdı. Cəbrayılda üçrəngli Azərbaycan bayrağı dalğalandı!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, igid oğulların canı-qanı bahasına Cəbrayıl 2020-ci ilin payızında Vətən müharibəsi günlərində işğaldan azad edilən ilk rayon, ilk bölgə oldu.

Üç onilliyə yaxın vaxt keçmişdi. Yağı düşmən qədəm basdığı hər yeri viran qoymuşdu.  Evlər, binalar, obyektlər xarabaya çevrilmiş, yollar itmiş, bulaqlar qurumuş, hər şey dağılıb tar-mar olmuşdu.

Təkcə torpaq, hava həminki idi…

Necə varsa, eləcə…

Həmişəki kimi doğma, təmiz, saf və müqəddəs!

Fazil həkim də o müqəddəsliyə baş vurdu. Üzünü o torpağa sürtdü, diz qoyub Ulu tanrıya şükürlər elədi, indi izi-tozu da qalmayan, doğma rayonun simvoluna çevrilən çinarlara tərəf boylandı.

Olanına şükür!

Hər şey yerini alacaq. Əlbəttə, alacaq!
Təki bunu etməyə, dağılanı dirçəltməyə, yıxılanı qaldırmağa, əyiləni dikəltməyə, söküləni tikməyə təpər, həvəs, ürək ola!
Doğma yurdun ziyarətinə gedən M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahı, tibb elmləri doktoru, professor Fazil Abbasov bu duyğularla vətən torpağını gəzib. Təkcə gəzməyib, könlündən keçənləri, yaşadıqlarını həm də poetik misralara çevirib.

Həkimin yaşadığı həmin duyğular nə qədər kövrək və nisgilli olsa da, orada böyük bir ümid işığı, həyat sevgisi var.
İşıq olan yerdə hər şey təzədən başlaya bilər. Başlayacaq da!

Kaş öləydik, gəlib belə görüncə,
Sən hara, bu görkəm hara, Cəbrayıl?
Neçə ildir, həsrət qalıb sevincə,
Çətin dözdük bu qubara, Cəbrayıl.

Hər şəhidlə biz də öldük, dirildik,
Bu Zəfəri gözləməkdən yorulduq.
Anaların göz yaşıyla durulduq,
Sinə gərdik bu dağlara, Cəbrayıl.

Görüşünə gəlib Komandanımız,
Onda da, sənə də fəda canımız.
Qəfəsə sığmayan arzularımız,
Bu gün uçdu ucalara, Cəbrayıl.

Qoymadı bükülü qalsın dizimiz,
Ziyasıyla nura çatdı gözümüz.
Torpağına bir də düşdü izimiz,
Xəcalət getmədik gora, Cəbrayıl.

Diridağın yamacları güllənsin,
Ziyarata qırov düşsün, çallansın.
Qəlbimizin köhlən atı nallansın,
Balan kimi dönək ora, Cəbrayıl.

Fazil bəsdir, sızlamayaq ney kimi,
Dönək yuvamıza qartal, ley kimi.
Narahat ruhumuz, Prometey kimi,
Sinəndə çəkilib dara, Cəbrayıl.

Şair-publisist Abdulla Suvar