Azərbaycandakı cəzaçəkmə müəssisələrində məhbuslar arasında Amerika Birləşmiş Ştatlar, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiva, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya, Ukrayna, Qazaxıstan vətəndaşları da var.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov deyib.
O bildirib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var:
“Onların 4-ü vətəndaşlığı olmayan, 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşlarıdırlar”.
O əlavə edib ki, əcnəbi məkumların sosial həyatdan tam uzaq olmaması üçün müəyyən şərait yaradılıb ki, onlar azad olunduqdan sonra cəmiyyətdən kənarda qalmasınlar.
“Həftədə 2 dəfə 15 dəqiqə telefon danışıqları edilir. Hətta artıq bu telefon danışıqları video görüşlərə də çevrilib. Məhkumlar ailə üzvləri ilə video görüş edə bilir, həmçinin qısa müddətli və 3 günlük ailə üzvləri ilə görüşlər edilir”, – deyə Ziya Dadaşov əlavə edib.
O qeyd edib ki, şəhərlərarası danışıqlar məhbusun öz vəsait haqqı ilə və ya yaxın qohumları hesabına olur, amma video görüşlər üçün belə bir məhdudiyyət nəzərdə tutulmayıb.