Çin kosmosa uzaqdan zondlama ilə “Yaogan” sinifli Yer müşahidə peyki göndərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çinin “Şinhua” xəbər agentliyinin xəbərinə görə, “Yaogan-33 03” peyki ölkənin şimal-qərbindəki Ciuçuen Peyk Atma Mərkəzindən Long March 4C raketi ilə orbitə buraxılıb. Bildirilib ki, peyk buraxıldıqdan sonra planlaşdırılmış orbit mövqeyində qərarlaşıb. Buraxılış Long March raketləri ilə yerinə yetiriləcək 486-cı missiya olub. Məlumat verilib ki, uzaqdan zondlama funksiyasına malik optik peyk elmi təcrübələr, torpaq ehtiyatlarının monitorinqi, məhsulun proqnozlaşdırılması, fəlakətlərin qarşısının alınması və mühafizə işlərinə dəstək üçün istifadə olunacaq. Çin “Yaogan-33 01” peykini 28 dekabr 2020-ci ildə, “Yaogan-33 02” peykini isə 3 sentyabr 2022-ci ildə orbitə göndərib. “Yaogan” Çin dilində “uzaqdan zondlama” deməkdir. Bəzi Qərb mənbələri Yaogan sinifli peyklərin kosmos, kiberməkan və elektron müharibəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Strateji Dəstək Qüvvələrinin nəzarətində olan hərbi kəşfiyyat məqsədləri üçün olduğunu irəli sürür.