COVID-19 bu daydaya yoluxsa, virus özü məhv olar…backend

COVID-19 bu daydaya yoluxsa, virus özü məhv olar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sentyabrın biridir. Əvvəl bu günü “Bilik günü” kimi qeyd edərdik. Bu gün isə restoranlara gedə bilən və gedə bilməyənlərin günü kimi qeyd edirik. COVID-19 pasportun varsa, 1-0 öndəsən. Bütün qapılar üzünə açıqdır. “Dayday zəngi” kimi bir zaddır. Yoxdursa, keç dur kənarda.

Kənarda gözləyənlərin bir çoxu da onsuz da peyvənd olunmağı gözləyir. Növbədə təbii ki. İndi peyvəndlənmə işi gecə-gündüz həyata keçirilir ki, 80 % əhaliyə peyvəndlənmə edilməklə iddia olunan kollektiv immunitetə sahib olaq.

Bu günün ən möhtəşəm xəbərlərindən də biri odur ki, peyvənd üçün poliklinikaya gələn vətəndaş, növbədə durmamaq üçün müəssisənin qapısını sındırıb. Sonra da növbədə duranlara səslənib ki, “haqqınızı tələb edin”. Çe Qevare imiş, bilməmişik. Əynində də SSSR yazılmış köynək. Belə başa düşürəm ki, bu vətəndaşın Rusiya bazarları ilə sıx əlaqəsi var. Bunu onun ab-havası, sir-sifəti deyir. Daha sonra da lap uca səslə qışqırır ki, “Qarabağda canımı qoymuşam, budur maa elədiyiniz hörmət?”

Qarabağın torpağına and olsun ki, videodakı dayday canını qoysa-qoysa kababxana və “dayday” kafelərində qoyub. Günə də heç yoxdursa, bir-iki şüşə araq içib. Qədd-qamət də düşmən gözünə çəpər. Qarın, buxaq komplekt. Hiss olunur ki, dayday özünə korluq verən kişilərdən deyil. Canının da qədrini yaxşı bilir ki, gəlib peyvənd olunmağa.

Açığı COVID-19 virusu bu daydaya yoluxsa, özü məhv olar. Yazıq koronavirusun adı çıxıb. Bu dayday isə əsl virusdur. Ən murdar virusdur özü də.

Qazi adına, şəhid adına əl uzatmaq şərəfsizlikdir. Belə adamları məhkəməyə verib, inzibatı işlər gördürmək lazımdır. Məsələn, rayon yollarındakı ayaqyollarını təmizləsinlər. Bəlkə bu yolla cəmiyyətə bir xeyir verərlər. Adamdakı azğınlığa bax ki, qapını qırır, üç həkimə xəsarət yetirir. Sonra da deyir ki, “mən qaziyəm!”. Qazi qənim olsun sənə və sənin kimilərə. Hər gün öz fırıldaq, dələduz əməlini həyata keçirtmək üçün qazi və şəhid adından istifadə edənlərlə rastlaşırıq. Bu şərəfsizlər üçün müqəddəs heç nə yoxdur. Nə ana var, nə bacı. Çünki bu nanəciblər etdiyini edir, yad olunan isə onların ana-bacıları olur.

Oxu.Az məsələni araşdırıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovdan açıqlama alıb:

“Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxs qazi deyil”. Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.

Bu günə kimi bir qazi görmədik ki, haqsız yerə bir şey tələb etsin. Cəmiyyət olaraq qazi və şəhid ailələri üçün hər şeyin ən yaxşısını etməliyik. Bu, bizim ölüncəyə qədər onlara ödəyə bilməyəcəyimiz borcdur. Çünki vətən yolunda vuruşanlar mərd adamlardır. Kişi adamlardır. Yalandan “neqodnı” kağızı alıb, arvadın balağında gizlənən yox. Sosial şəbəkələrdə paylaşılan videodan da görünür ki, özünə qazi deyən şəxs və arvadı video çəkən adama da əl-qol atır, qışqırır, təzyiq göstərir. Xəstədirlərsə, aparın qoyun psixoloji dispanserə. Cəmiyyətdən tədric edin belələrini.

Qarın buraxmaqla qazi olmurlar, atam balası.