Dahi rəhbər, xilaskar dövlət xadimi, milli liderbackend

Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözlərimdə heç bir bədii lirika və mübaliğə ünsürləri yoxdur. Bu sadə anlamın həyata keçməsi üçün dahi şəxsiyyət böyük bir tarixə sığa biləcək mürəkkəb işlər görmüşdü. Heydər Əliyev indiki müstəqil Azərbaycanın qurulması işinə 40 il bundan öncə başlamışdı. Ulu öndərin Azərbaycana rəhbərliyinin 40 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə sovet imperiyasının sərt rejiminə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yer tutmuşdur. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətinə nəzər saldıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmətlə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. O bu böyük iş uğrunda bütün gücü, biliyi, bacarığı və təcrübəsi ilə çalışırdı. Məsələ heç də bu çalışmaların hansı ideoloji çalarlara malik olmasında deyildi, onun mahiyyətində, keyfiyyətində və məqsədində idi. Sadə dildə desək, sovet dövründə salınan nəhəng sənaye müəssisələrinin, əkilən ağacların, çəkilən yolların sovet sosializmi ideologiyasına heç bir dəxli yox idi. Burada əsas işin özü, əsl mənası, əsl mahiyyəti idi. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanın bilavasitə uzaq perspektivinə, deməli, bu gününə indekslənmiş sırf milli xarakterli fəaliyyətini əyani surətdə sübuta yetirən yüzlərlə, minlərlə fakt, epizod və hadisə göstərmək mümikündür. Bu dahi şəxsiyyətin fəaliyyəti mahiyyət etibarilə gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi demək idi. O illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində mümkün olmuş istənilən bir dirçəliş və həyata keçirilmiş təşəbbüslər məhz ümummilli liderimizin gərgin əməyininin nümunəsidir. Bu isə o deməkdir ki, sovet rejimində sovet vətəndaşı qoyulan qadağalara baxmayaraq bütün maneələri dəf edib Vətəninə, xalqına xidmət etməyi bacarırdı. Bu dahi insan – Heydər Əliyev idi.
Heydər Əliyevin Kreml zirvəsinə ucalması isə Azərbaycanın gücünün bir daha ən parlaq təsdiqi idi. Ulu öndər görkəmli dövlət xadimi kimi tarixi bir inkişaf yolu keçərək öz adını hələ uzun illər bundan öncə dünya siyasətçiləri kitabına qızıl hərflərlə yazmışdı.
Fəqət Tanrının onun üzərinə qoyduğu müqəddəs missiya tək bununla tamamlanmadı. Tale elə gətirdi ki, o, Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin prezidenti kimi uğurla, ardıcıl şəkildə davam etdirdi.
Milli qüruru yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallığa çevrilmişdir. Xalq Heydər Əliyevin bu qayıdışını alqışlamış, həmin günü isə milli qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdı. Heydər Əliyev yenə də özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağa nail olmuşdu. Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız bütün maneələri dəf edərək öz mili-mənəvi dəyərlərini qoruya bilmişdir.
Azərbaycan xalqı tarixə həm də ona görə minnətdardır ki, Heydər Əliyev kimi böyük dühanı bir daha özünə qaytardı. Azərbaycanın tale kitabını mahir bir memar kimi ulu öndərin özü səhifələdi, həlli vacib məsələləri yoluna qoydu, Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli lider dövlətçiliyimizi məhv olmaqdan qorudu, onu dağılmaq təhlükəsindən xilas etdi və möhkəmləndirdi.
1993-cü ildən sonra biz şahid olduq ki, Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya da yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. XIX-XX əsrlərin hüdudunda yaşayan milli maarifçilərimizin ideya əsaslarını qoyduğu azərbaycançılıq Ümummilli Lider Heydər Əliyevin çıxışlarında özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən, həmrəyliyi təmin edən təkmil ideologiya halını aldı. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıların əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi.
Bəlİ, əhatəsi və zənginliyi etibarilə sərhədlər aşan bu görkəmli dövlət xadiminin fəaliyyəti mahiyyət etibarilə gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və hayata keçirilməsindən ibarət idi. Heydər Əliyev fenomeninə hansı prizmadan yanaşırsan-yanaş, nəticə həmişə eyni olacaq, çünki onun bütün fəaliyyəti – yalnız milli intibaha – müasir və müstəqil Azərbaycan Respublikasına aparan yolun ən vacib mərhələləridir. Heydər Əliyevin hakimiyyətdə olduğu 40 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi xalqımızın milli dəyərlərinin qorunması da Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə, onun kimi nadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti nəsib olmuşdur. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ümummilli liderimiz Heydər Əliyevi müstəqil Azərbaycanın həqiqi memarı və yaradıcısı sayır. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyələrə sadiq, müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qürur və iftixar mənbəyidir.
Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətini rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Ulu öndər Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya ölkələri bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir. Təsadüfü deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Ulu öndərimiz bəşər tarixinə özünəməxsus siyasi dəst-xətt, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri kimi daxil olmuşdur. Heydər Əliyev epoxası zəngin və çoxəsrlik Azərbaycan tarixində müstəsna yer tutur. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkənin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Buna görədir ki, o, ənənəvi və müasir, novator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin varisliyini təmin etmişdir. Xalqın rəğbətinin ən ali məqamına – ümummilli lider səviyyəsinə yüksəlmək məhz bunların sayəsində mümkün olmuşdur. Heydər Əliyev Azərbaycanın yaxın və uzaq tarixini dərindən bildiyindən, beynəlxalq aləmdə tükənməz nüfuz qazandığından, zəngin dövlətçilik təcrübəsinə və fenomen yaddaşa malik olduğundan ayrı-ayrı dövrlərdə tarixi şəraitə uyğun və dövlətçilik baxımından düzgün qərarlar qəbul etmiş və reallaşdırmışdır.
Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.
Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaqdır. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.
Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, ulu öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.
Dahi rəhbər vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.

image-sevda-rehimova

Sevda Rəhimova

Bəstəkar