“Qarabağdakı antiterror tədbirləri ilə bağlı Azərbaycan cəmiyyətinin üzərinə düşən əsas məsuliyyət ondan ibarətdir ki, hamı dezinformasiya xarakterli məlumatlar yaymaqdan qəti şəkildə çəkinməlidir. Vətəndaşlarımıza tövsiyə və çağırış edirik ki, bu hallara qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü diqqətli və məsuliyyətli olmalıdır”.
“İnterpress.az” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev sentyabrın 19-da keçirilən brifinqdə deyib.
“Bilirsiniz ki, Azərbaycanda internet platforması bəzi sosial şəbəkə seqmentləri, xüsusilə “tik-tok” platforması məhdudlaşdırılıb. Bu da ondan irəli gəlir ki, təhdidlər vardı, dezinformasiyalar yayılırdı. Qarşı tərəf tək Azərbaycana silahlı formada müqavimət göstərmir, həm də informasiya cəbhəsində Azərbaycanla müharibə əhval-ruhiyyəsinə köklənmiş vəziyyətdə sosial şəbəkə seqmentlərini idarə edirlər. Tövsiyə və xahişimiz odur ki, hər bir azərbaycanlı diqqətli və məsuliyyətli olmalıdır. Yalnız dövlət qurumlarının verdiyi məlumatlara inanmalı, aidiyyəti dövlət qurumlarının məlumatları əsasında paylaşımlar edilməlidir”, – o vurğulayıb.