Taliban ötən ilin aprelində xaşxaş becərilməsini qadağan etdikdən sonra 4000 hektardan çox xaşxaş sahəsini məhv etdiklərini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinə bağlı Narkotiklərlə Mübarizə Bölməsinin direktoru Mövləvi Hasibullah Əhmədi açıqlama verib.
Narkotiklərlə mübarizədə qətiyyətli olduqlarını vurğulayan Əhmədi deyib: “Bu il ölkə daxilində bir çox vilayətdə xaşxaş sahələri məhv edildi. 4 min hektar sahədə əkilən xaşxaş məhv edildi və hələ də məhv edilir. Kabil, Qəndəhar, Zabul, Hilmend, Fəryab, Belh, Kunduz, Bədəxşan, Tahar və Pakistan sərhədindəki əyalətlərdə xaşxaş sahələrinin çoxu məhv edilib, qalanları üçün isə məhvetmə işləri davam edir. 7500 narkotik qaçaqmalçısı həbs edilib”.
Əfqanıstandakı narkotik probleminin dünyanı da əhatə etdiyini qeyd edən Həsibullah Əhmədi beynəlxalq qurumların fermerlərə xaşxaş əvəzinə müxtəlif məhsullar əkmək üçün dəstək verməli olduğunu bildirib:
“Beynəlxalq təşkilatlardan xaşxaş toxumuna alternativ təklif edən fermerlərə dəstək vermələrini xahiş edirik. Mübarizəmizi ciddi şəkildə davam etdiririk. Bu mövzuda heç kimə dözmürük. Qərara əməl etməyənlər cəzalandırılacaq”.
Bu günə qədər narkotik ticarəti ilə məşğul olan 7500 qaçaqmalçının həbs edildiyini, 500-ə yaxın fabrikin dağıdıldığını bildirən Əhmədi əməliyyatlar zamanı 300 ton narkotik maddənin ələ keçirildiyini qeyd edib.
Əhmədi xaşxaş sahələrini məhv etmək üçün fermerlərdən heç bir müqavimət görmədiklərini bildirib.
Qadağanın nəticələrinə noyabrda aydınlıq gətiriləcəyi gözlənilir.
2021-ci ilin avqustunda Əfqanıstan administrasiyasına gələn Taliban ötən ilin aprelində həşiş, bu ilin martında isə sirr yetişdirilməsi və ticarətini qadağan edib.
Əfqanıstanda keçən il xaşxaş becərilməsi artıb. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) 2022-ci ilin noyabrında dərc etdiyi hesabata görə, Taliban administrasiyası hakimiyyətə gəldikdən sonra 2022-ci ildə xaşxaş becərilməsi əvvəlki ilə nisbətən 32 faiz artıb.
Əfqan tiryəki qlobal tədarükün 80 faizini təşkil edir.
Taliban rəsmiləri və əfqan fermerlər qadağanın tam həyata keçirilməsi üçün beynəlxalq yardımın vacibliyini vurğulayırlar.
Ona görə də Talibanın tiryək istehsalına qadağasının təsiri BMT-nin 2023-cü il hesabatında aydın olacaq.
Mövcud iqtisadi böhran və quraqlıq səbəbindən “daha az gəlirli” olduğunu əsas gətirərək normal kənd təsərrüfatı məhsullarına üstünlük verməyən sahə sahibləri daha az su tələb edən xaş-xaş və çətənəyə üz tuturlar.