Yəmən liderinin filmləri xatırladan qaçışının təfərrüatları bəlli olub.
İnterpress.az xəbər verir ki, Yəmənin Cənub Keçid Şurasının lideri Aydarous əl-Zubaydi Ər-Riyaddakı danışıqları tərk edərək ölkədən qaçıb.
Məlumata görə, “Reuters” mənbələrinə istinadən bildirir ki, əl-Zubaydi əvvəlcə qayıqla Somalilendə yollanıb, oradan təyyarə ilə Moqadişoya, təxminən bir saat sonra isə hərbi təyyarə ilə Əbu-Dabiyə uçub.
Mənbələr onun sonuncu təyyarədə olub-olmadığını dəqiq təsdiqləməsə də, əl-Zubaydinin BƏƏ-də ortaya çıxması Səudiyyə Ərəbistanının qəzəbinə səbəb ola bilər. Çünki rəsmi Ər-Riyad BƏƏ-yə cənubdakı separatçıları cilovlamaq üçün təzyiq göstərirdi.
Paralel olaraq, husilərə qarşı olan hökumətin lideri Rəşad əl-Alimi hərbi və təhlükəsizlik strukturlarında ciddi “təmizləmə”yə başlayıb.
O, bir sıra vəzifəli şəxslərin işdən çıxarılması, araşdırmaların aparılması və yeni təyinatlarla bağlı mühüm qərarlar imzalayıb.
Xuraman Etibarlı
İnterpress.az






