Ermənistan Azərbaycana COP-17-yə dəvət edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bəyan edib ki, rəsmi İrəvan BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP-17) Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır.
Nazir bildirib ki, sammitin keçirilməsi ilə bağlı bildirişlər artıq struktura üzv olan 196 ölkənin hamısına göndərilib.
Onun sözlərinə görə, tezliklə növbə rəsmi dəvətlərə çatacaq və Azərbaycana da dəvət göndəriləcək.
Matevosyan meşələrin qırılması ilə bağlı iddiaların COP çərçivəsində deyil, “sülh gündəliyi” məntiqində müzakirə edilməsini təklif edib.
O, bu məsələlərə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın işi yekunlaşdıqdan sonra baxılmasının tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, COP-17 tədbirinin oktyabrın 18-dən 30-dək Ermənistanda keçirilməsi planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






