Ümid edirik ki, Paşinyan bu tarixi şansı düzgün dəyərləndirəcək və Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh sazişi imzalanacaq”.
Bu sözləri Ermənistanın hələ də Azərbaycan tərəfinin şərtlərini qəbul etməməkdə israr etməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.
Partiya sədrinə görə, 44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqların yarandığını Ermənistan siyasətçiləri arasında Paşinyan hamıdan daha yaxşı başa düşür. O dərk edir ki, Ermənistanın Azərbaycan ilə sülh bağlamaqdan, sərhədlərin demarkasiyası və delimitisasiyası prosesini başa çatdırmaqdan, nəqliyyat-kommunikasiya xəttlərini açmaqdan, Türkiyə və Azərbaycana qarşı konfrantasiya siyasətindən əl çəkib regional əməkdaşlıq siyasətinə keçid etməkdən başqa heç bir alternativ yoxdur:
“Rəsmi İrəvan son günlərə qədər Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın da yer aldığı 10 noyabr və 11 yanvar Bəyanatlarının məlum bəndlərinin icra olunmamasına hər cürə bəhanələrlə səy göstərirdi. Lakin sonda bunun mümkün olmayacağını birmənalı surətdə anladılar. Çünki Bakı Zəngəzur dəhlizinin açılması məsələsində israrlı və qətiyyətlidir. Azərbaycan tərəfi nəqliyyat-kommunikasiya xətlərinin açılmasına dair 11 yanvar Moskva bəyannaməsinin icrasını həm Rusiyadan, həm də Ermənistandan israrla tələb edir.
“Putinin “Valday” beynəlxalq klubunun plenar iclasındakı son açıqlamaları da onu göstərir ki, Kreml Azərbaycanın tələbini anlayışla qarşılayır və Rusiya Ermənistana basqı göstərməyə məcburdur. Onlar Zəngəzur dəhlizi ilə bağlı hətta istəməsələr də belə, Azərbaycanla real danışıqlara getməli olacaqlar. Çünki Putin bu məsələyə dair Rusiyanın öz üzərinə vasitəçilik öhdəliyini götürdüyünü yaxşı dərk edir. Rusiya buna təminat verib və indi də təminatçı ölkə olaraq götürdüyü öhdəliyin yerinə yetirilməsinə borcludur. Bu baxımdan Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun fəaliyyətinin bərpası labüd idi.
Sözügedən işçi qrupun görüş və müzakirələrinin bərpası Zəngəzur dəhlizinin açılması ilə bərabər, digər məsələlərin də necə deyərlər, “ölü nöqtə”dən tərpənməsinə təkan verəcək. Xüsusən də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesi sürətlənəcək. Və bundan sonra Ermənistan irili-xırdalı bütün məsələlərdə konstruktiv mövqe tutmağa məhkumdur. Ermənistanın baş naziri də tədricən tam reallıq hissinə qayıdacaq, getdikcə daha konstruktiv və rasional siyasət yürütməyə başlayacaq”.
Gülşən