Beynəlxalq mətbuatda yer alan xəbərə görə, G7 ölkələrinin Rusiyadan almaz idxalına qadağa qoyma qərarını 3 həftə ərzində açıqlaması gözlənilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarı dəyişəcək.
Bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və rus almazlarını izləmək üçün ortaq bir sistem tətbiq olunacaq.
G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək.
Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənardan gələn brilyantlar çıxış əldə edəcək. Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq.
Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.
Dünyadakı kobud almazların 80 faizindən çoxu Belçikanın Antverpen şəhərində satılır.
Almazların 90 faizi Hindistanda emal olunur.