Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində Vətən müharibəsi şəhidi Əkbər Bəylər oğlu Pənahovun 40 mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, kənd sakinlərinin təşkil etdiyi mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik və SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Səfir əvvəlcə I Qarabağ müharibəsində əslən Babakişilər kəndindən olan şəhidlər Cəfərov Ruslan Elman oğlu, Gülməmmədov Ədalət Qədir oğlu, eləcə də Vətən müharibəsi şəhidi Ə.Panahovun kənd məscidinin önündə yerli sakinlər tərəfindən yerləşdirilmiş xatirə lövhələrini ziyarət edib.
F.Quliyev çıxış edərək Gürcüstanda yaşayan soydaşlarımıza Vətən müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə minnətdarlığını çatdırıb, I Qarabağ müharibəsindən indiyədək Azərbaycanın ərazi bütövlüyü uğrunda ümumilikdə 45 nəfər Gürcüstan əsilli soydaşımızın şəhid olduğunu vurğulayıb və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. O, həmçinin beynəlxalq tribunalarda Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, xüsusilə Vətən müharibəsi dövründə Gürcüstan dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.
Yerli sakinlər də öz növbəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli vətənləri olan Azərbaycanın II Qarabağ müharibəsində qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıblar, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə qalxmağa daim hazır olduqlarını bildiriblər.
Mərasimdə Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhlarına dualar oxuyub.
Qeyd edək ki, kapitan Ə.Pənahov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb, cari ilin iyul ayında nəşi tapılıb və həmin ayın 12-də Bakı şəhərində dəfn olunub.