Hindistan Şeyx Hasinanı Banqladeşə VERƏ BİLƏR – Edam təhlükəsi varbackend

Hindistan Şeyx Hasinanı Banqladeşə VERƏ BİLƏR – Edam təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Şeyx Hasinanın ekstradisiyasını nəzərdən keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Banqladeş ötən ilki etirazları qan içində boğduğuna görə edam cəzasına məhkum edilən sabiq hökumət başçısının təhvil verilməsini tələb edir.

Hindistan XİN-in rəsmi nümayəndəsi Randhir Caysval bildirib ki, rəsmi Dehli kütləvi üsyan nəticəsində devrilən və ötən ilin avqustunda ölkədən qaçan sabiq Baş nazir Şeyx Hasinanın ekstradisiyası ilə bağlı Banqladeşin sorğusunu araşdırır.

“Bəli, biz sorğunu almışıq və hazırda ona baxılır”, – Caysval jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Hindistan Banqladeş xalqının maraqlarına, o cümlədən sülh, demokratiya və sabitliyə sadiq qalır və bütün tərəflərlə konstruktiv əlaqələri davam etdirəcək.

Qeyd edək ki, ekstradisiya sorğusu ilk dəfə ötən ilin dekabrında göndərilib. Bu ay isə Banqladeş məhkəməsi qaçqın eks-lideri insanlığa qarşı cinayətlərdə təqsirli bilərək barəsində qiyabi ölüm hökmü çıxardıqdan sonra tələb təkrarlanıb.

Noyabrın 17-də çıxarılan hökm 1400-dən çox insanın ölümü ilə nəticələnən etirazların yatırılması ilə əlaqədardır.

Xatırladaq ki, Şeyx Hasina 2024-cü il avqustun 5-də kütləvi etirazların pik həddində Hindistana qaçıb.

Banqladeşdə növbəti seçkilərin 2026-cı ilin fevralında keçirilməsi planlaşdırılır. Hasinanın “Avami Liqası” partiyası isə terrorizmlə əlaqəli ittihamlara görə siyasi fəaliyyətdən uzaqlaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az