Hindistanın Bihar əyalətinin Müzəffərpur şəhərində 30 şagirdin olduğu qayığın Baqmati çayında batması nəticəsində 10 uşağın itkin düşdüyü bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“The Times of India” qəzetinin məlumatına görə, səlahiyyətlilər tələbələri daşıyan kiçik qayığın yerli vaxtla saat 10.30-11.00 radələrində Baqmati çayında çevrildiyini açıqlayıb.
İlkin tapıntılara görə, qayıqda olan 30 uşaqdan 20-si xilas edilib, itkin düşən 10 şagirdin axtarış-xilasetmə işləri davam etdirilir.
Rəsmilər həmçinin bildiriblər ki, Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) və Dövlət Fəlakətlərə Cavab Qüvvələri (SDRF) əməkdaşları da bölgəyə gəlib. Əyalət Baş Naziri Nitish Kumar da deyib ki, axtarış və xilasetmə işləri davam edir.
Ştat hökuməti hadisə nəticəsində zərər çəkmiş ailələrə lazımi yardımı göstərəcək.