“Diplomatik dili başa düşməyəni özünün haqq etdiyi tərzdə başa salmaq lazımdır”.
Bu sözləri prezident İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsi çərçivəsində İranla əlaqəli səsləndirdiyi fikirlərə münasibət bildirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə İnterpress.az-a açıqlamasında deyib.
Partiya sədri vurğulayıb ki, özünü İslam dövləti elan edən bir dövlətin məscidləri, İslam dininə aid dini abidələri dağıdan və təhqir edən işğalçının yanında yer alması əslində heç bir məntiqi çərçivəyə sığmır:
“Oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqillik Aktının qəbul olunmasının 30 illiyini qeyd edəcəyik. Məsələ burasındadır ki, bu 30 ildə sözdə dost, qonşu ölkə, din və məzhəb qardaşları olduğumuzu vurğulayan İranın reallıqda Azərbaycana münasibətdə müsbətə doğru demək olar heç bir ciddi addımının şahidi olmamışıq. Bu, çox təəssüf doğuracaq bir məsələdir. İran dövləti bu illər ərzində Ermənistanın yanında olub və işğalçıya hər cür dəstək verib.
İranın yerləşdiyimiz regionda yürütdüyü bu olduqca yanlış və ədalətsiz siyasətə dəfələrlə siyasilər, eləcə də müvafiq dövlət qurumları tərəfindən bu və ya digər formada münasibət bildirilib, narazılıqlar ifadə olunub. Hətta XİN-in bununla bağlı qarşı tərəfə rəsmi etiraz notası təqdim olunub. Bütün bunlara baxmayaraq, İran dövləti mövqeyində qalmaqda davam edib. İranın yük dolu maşınları Ermənistana, hətta Azərbaycanın razılığı olmadan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə daxil olmaqla burada yaşayan separatçılara həyasızcasına yardımlar etməkdə davam edib. Təbii ki, bu davranış uzun müddət cavabsız qala bilməz.
Azərbaycan əslində Gorus-Qafan yolu deyilən ərazidən keçən yerdə özünün sərhəd-keçid məntəqəsini, gömrük və polis postlarını qurmaqla qarşı tərəfi bir daha haqq yoluna qayıtmağa dəvət etdi. Eyni zamanda Azərbaycan Prezidenti İrana yönəlik fikirlərində bu dəfə olduqca açıq şəkildə ciddi mesajlarını da verdi. Qarşı tərəfin bundan nə dərəcədə nəticə çıxaracağını zamanla görəcəyik. Hesab edirəm ki, İran ən azından Azərbaycanla normal qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlıdırsa, deyilənləri nəzərə alacaq. Həmçinin, düşünürəm ki, İran rəsmiləri Azərbaycan dövlətinə münasibətdə İran ərazisində yaşayan 30 milyondan artıq Azərbaycan türkünün mövqeyini də diqqətə almalıdır”.
Gülşən