“İran Zəngəzur dəhlizinin iqtisadi əsaslarına qarşı deyil, amma…” – Şərhbackend

“İran Zəngəzur dəhlizinin iqtisadi əsaslarına qarşı deyil, amma…” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda yaranmış gerçəkliklər, Zəngəzur dəhlizinin beynəlxalq və regional gündəlikdə ən aktual mövzular axarına girməsi Azərbaycanın qədim İpək Yolunu canlandırmaq səylərindəki rolunu artırır”.

Bu sözləri Cənubi Qafqazda Ermənistanın tutduğu mövqe və ona havadar çıxmaq üçün dəridən-qabıqdan çıxan oyunçuların məqsədini şərh edən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin qüvvələr beynəlxalq nəqliyyat dəhlizinin bütün parametrlər üzrə tətbiqinə əngəllər törədirlər:

“Ölkə başçısı İlham Əliyev iki oyunçunun adını çəkib və bununla sətiraltı mesaj verib ki, Fransanın başqa, İranın isə fərqli məntiqlə Ermənistana mənəvi-siyasi dəstək nümayiş etdirməsi Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun fəaliyyəti üçün risklər doğurur. Regionu özünün ideoloji çətiri altında saxlamaq istəyən İranın hərbi təlimlərinin Azərbaycana güc nümayişi məqsədilə proqramlaşdırılması təhlükəsizlik çağırışlarında mənfi çalarlar formalaşdırır. İran Cənubi Qafqazda siyasi şiəlik buxovu yaratmaq potensialından məhrum olduqca itkiləri kompensasiya etmək üçün onun Zəngəzur dəhlizinə inteqrasiyası qaçılmaz hal alır. İran Zəngəzur dəhlizinin iqtisadi əsaslarına qarşı deyil, amma onun Azərbaycanın Ermənistan üzərində həlledici sərhəd nəzarəti həyata keçirməsi fonunda reallaşmasını həzm edə bilmir.

Digər tərəfdən, Zəngəzur dəhlizi istər-istəməz dünyəvi dövlət olsa da, Türkiyənin xarici siyasətindəki din amilinin regionda güclənməsinə gətirib çıxaracaq və bu, islam ideoloji xəttini bünövrəsində tutan Tehranın strateji planlarına zərbə vuracaq. Lakin İranın başqa yolu da qalmır və gələcək üçün maksimal faydaları düşünməlidir. Çin də İranın Orta Dəhlizin bir qanadı olan biləcək Zəngəzur koridorunun strateji və siyasi əsaslarına qarşı kükrəyərək ofsaydda qalmasını istəməyəcək”.