İranda dövlət televiziyası haker hücumuna məruz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İranda naməlum hakerlər dövlət televiziya kanallarının peyk yayımını eyni anda sındırıblar. Adi efir proqramı əvəzinə ekranda İranın sonuncu şahının oğlu Rza Pəhləvi görünüb.
O, İran hərbçilərini etirazçıların tərəfinə keçməyə və ölkənin ali dini lideri Əli Xameneinin hakimiyyətdən uzaqlaşdırılmasına nail olmağa çağırıb.
Haker hücumunun görüntülərini “Tel Aviv Institute”un qurucusu, bloqer və publisist Hen Mazzig “X” sosial şəbəkəsində paylaşıb.
Videoda fars dilində şüarlar və kadr arxasındakı insanların reaksiyası əks olunub. Qadın səsi “Mən indi ağlayacağam” deyir, kanalları dəyişən kişi isə təəccübünü gizlətmir: “Hətta idman kanalı da… Vau! Bütün kanalları sındırıblar”.
Fraqmentlərin birində həmçinin Fridrix Merzin etirazçılara dəstək ifadə etdiyi mətbuat konfransından kadrlar da nümayiş etdirilib.
Fəalların və ABŞ-də mənzillənən HRANA insan hüquqları agentliyinin məlumatına görə, İranda etirazlar nəticəsində ölənlərin sayı ən azı 3919 nəfərə çatıb. 24 669-dan çox insan isə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az






