İsrailin ultimatumundan sonra onlarla SEPAH zabiti Beyrutu tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail mənbələrinə istinadən məlumat yayıb.
Son 48 saat ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla zabiti mümkün hücumlardan ehtiyat edərək Beyrutu tərk edib. Bu addım İsrailin İran nümayəndələrinə ünvanladığı sərt xəbərdarlıqdan sonra atılıb.
Məlumata görə, martın 4-də İsrail ordusu Livandakı İran rəsmilərinə xəbərdarlıq edərək, 24 saat ərzində ölkəni tərk etməyəcəkləri təqdirdə “harada olmalarından asılı olmayaraq hədəfə alınacaqlarını” bildirib.
Ultimatumdan sonra Beyrutdakı İran səfirliyində fəaliyyət göstərən bir çox SEPAH zabiti artıq bölgədən uzaqlaşıb. Lakin kiçik bir qrupun “Hizbullah”la koordinasiyanı təmin etmək üçün hələ də orada qaldığı qeyd olunur.
İsrail tərəfi SEPAH mənsublarının yaxın günlərdə də Livandan çıxışının davam edəcəyini gözləyir.
Qeyd edək ki, İranın bu hərbi strukturu 1982-ci ildən bəri, yəni 40 ildən çoxdur ki, Livanda ciddi nüfuz və hərbi iştiraka malikdir.
Xuraman Etibarlı
İnterpress.az






