İşsizlik müavinəti niyə bu qədər azdır? – “Ona görə ki…“backend

İşsizlik müavinəti niyə bu qədər azdır? – “Ona görə ki…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda işsizliklə bağlı problemlərdən biri qeydiyyat məsələsidir. İşsiz insanların birbaşa qeydiyyata alınması sistemi yoxdur. Ölkəmizdə gərək vətəndaş Məşğulluq İdarəsinə fiziki şəkildə müraciət etsin”.

Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, işə götürənlərlə işçilər arasında elektronlaşmış müqavilələrin olduğu ölkələrdə bu prosses avtomatik baş verir:

“Həmin ölkələrdə hər həftə işsizliyi ölçən indikatorlar mövcuddur. İşsizliklə bağlı həftəlik statistikanı açıq şəkildə görmək olur. Hansısa müəssisədən və ya idarədən hansısa işçinin işdən çıxarılması avtomatik olaraq mərkəzləşdirilmiş məlumat bazasına düşür. Təəssüf ki, Azərbaycanda bu sistem mövcud deyil. Vətəndaş mütləq fiziki olaraq müraciət etməlidir.

Məşğulluq idarəsinə müraciət etdikdən sonra isə bütün prosedurlardan keçmək özü də bir problemdir. Çünki bir çox sənədlər tələb olunur, bununla yanaşı, bir çox dəqiqləşdirmələr aparılır. Bu prosedurlardan keçdikdən sonra işsizliklə bağlı müavinatın ilk 3 aylıq təyin olunması baş verir və növbəti 3 ayda uzadılması mümkündür. Yəni ümumilikdə 6 ay müddətində işsizliklə bağlı müavinatın alınması mümkündür. 6 ay müddətində Məşğulluq idarəsi bir neçə dəfə iş təklif edir. Ancaq bu işlər normalda çox aşağı maaşlı olur, yaxud müraciət edən şəxsin təhsil və ya təcrübəsinə uyğun gəlmədiyinə görə bir çox hallarda təklifdən imtina edilir. İmtinadan 6 ay sonra Məşğulluq İdarəsinin həmin müavinatı kəsmək ixtiyarı var. Buna əsas kimi isə təklif edilən işi vətəndaşın qəbul etmədiyi bildirilir”.

Natiq Cəfərli işsizlik üçün ayrılan müavinətlərin niyə aşağı olmasını izah edib:

“Müavinətlərin məbləği çox aşağıdır. Baxmayaraq ki, Azərbaycanda İşsizlikdən Sığorta Fondu da yaradıldı və muzdla çalışanların əmək haqqından bu fonda 0.5% vəsait köçürülür. Belə bir fond var, amma hələ də işsizliklə bağlı ödənişlər çox aşağıdır. Çox zaman minimum əmək haqqı səviyyəsinə yaxın bir səviyyələrdə olur. Kifayət qədər aşağı olduğuna görə də, başqa ölkələrlə müqayisə etmək mümkün deyil. Əsasən də, Avropa ölkələri ilə heç müqayisə ediləsi deyil. Rusiyada da, bu “maaş” miqdarı nisbətən yüksəkdir. İşsizliklə bağlı müavinətlər təqribən 12 min rubl civarındadır ki, bu da indiki məzənnə ilə 200 dollara yaxın bir məbləğ edir”.

Bu halların düzəlməsi üçün ilk növbədə, əmək müqavilələrinin elektron formasının genişləndirilməsini tələb edən iqtisadçı əlavə edib:

“Əmək müqavilələrin elektronlaşması formasının getdikcə genişləndirilməsinə ehtiyac var. Bir mərkəzləşdirilmiş məlumat bazası yaradılsın və işsizliklə bağlı müraciətin çətin prosedurlardan keçmə qaydaları ləğv edilsin. Bununla da, biz orda işsizliklə bağlı dəqiq statistikanı görə bilərik. Açıq danışsaq, indiki rəqəmlərlə reallıq arasında da kəskin fərq var. Rəsmi işsizlik 6.8% civarındadır, amma reallıqda işsiz insanların sayı daha çoxdur”.