Koronavirus Naxçıvana niyə təsir edə bilməyib?backend

Koronavirus Naxçıvana niyə təsir edə bilməyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məlum səbəblərdən iqtisadi eniş davam edir – yanvar-avqust aylarının nəticəsinə görə, artıq 3%-ə çatıb. Düzdür, pandemiya şəraiti ilə əlaqədar ikitərəfli təzyiq altında olduğumuzu nəzərə alsaq, bu, o qədər də böyük rəqəm sayılmır. Ancaq hər halda tənəzzülü ifadə edir. Və bunda həm dünya bazarlarında neftin qiymətinin enməsinin, həm də 2020-ci ilin mart ayından daxildə karantin rejiminin tədbiqi nəticəsində iqtisadi fəallığın, demək olar, sıfıra enməsinin böyük rolu var.

İlin 3-cü rübünün bitməsinə az qalıb. 6 aydan çoxdur pandemiya şəraitində yaşayırıq. Vəziyyət ətraflı şəkildə dəyərləndirmək tələb olunur. Və bu zaman, hesab edirəm, bu ilin nəticələrini ötən illə müqayisə etmək düzgün hesab edilmir. Ölkəmizin mövcud sosial-iqtisadi durumunu xarici ölkələrin anoloji vəziyyətinə əsasən nəzərdən keçirmək lazım gəlir ki, diqqət yetirsək, əksər ölkələrdə tənəzzül ikirəqəmli səviyyədə olmaqla yanaşı, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət etmiş durumdadır.

Maraqlıdır, belə bir fonda Azərbaycanın Naxçıvan MR-də tənəzzül yoxdur, əksinə, inkişaf var. Bu, diqqəti cəlb edən çox mühüm bir faktordur.

Naxçıvan Azərbaycanın ən inkişaf etmiş bölgələrindəndir və dəqiq desəm, bu sahədə birincidir. Muxtar respublikada son illər ərzində əldə olunan inkişaf, sosial-iqtisadi sahədə və xüsusən də sənaye potensialını möhkəmləndirmək istiqamətində atılan böyük və uğurlu addımlar digər bölgələr üçün də örnək sayılır.

Bu ilin yanvar-avqust aylarında Naxçıvanda 1,84 milyard manat dəyərində ÜDM istehsal edilib. Bu, illik müqayisədə 0,7% çoxdur. Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,4% artaraq 4 min manata çatıb.

Hesabat dövründə bölgədə sənaye məhsullarının istehsal dəyəri 758,4 milyon manata bərabər olub. Bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 11% çoxdur.

Ümumiyyətlə, Naxçıvanda özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirilir və xüsusən sənaye məhsulları istehsalı sahəsində sahibkarlıq təşəbbüsləri və fəaliyyəti birinci olaraq dəyənləndirilir. Bu səbəbdən də bütövlükdə Azərbaycan iqtisadiyyanda qeyri-neft sektorunun inkişafı ən sürətli şəkildə məhz burada təşəkkül tapmış kimi görünüb və görünür.

Elə bunun nəticəsidir ki, ötən 8 ay ərzində dünya və ölkə iqtisadiyyatı pandemiya şəraitində nəfəs aldığı halda Naxçıvanda investisiyaların da həcmi artıb.

Belə ki, bu ilin yanvar-avqust aylarında muxtar respublikada əsas kapitala 661,45 milyon manat vəsait yönəldilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Yeri gəlmişkən, bütövlükdə ölkə üzrə isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 0,7%-ə bərabər olub. Lakin bu zaman neft-qaz sektoruna yatırılan investisiyalar 19% artdığı halda, qeyri-neft sektorunda 10,5% azalıb.

Hesab edirəm ki, diqqəti cəlb edən faktdır.

Bəli, regionların inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi sayılır.

Lakin kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsi, sahibkarlıq mühitinin yaxşılaşması, həmçinin investisiya qoyuluşunun artması, yeni müəssisələrin, iş yerlərinin açılması, nəticədə əhalinin məşğulluğunun genişlənməsi, yoxsulluq səviyyəsinin azalması ən sürətli şəkildə bundan əvvəl də özünü məhz Naxçıvanda göstərməkdə idi.

Sözügedən amilə rəğmən, pandemiya şəraitində də ÜDM istehsalı və investisiya qoyuluşunun artması isə ayrı əhəmiyyət daşıyır.

Təkcə bir fakta diqqət yetirmək kifayətdir ki, kənd təsərrüfatı məhsulu istehsalı müqayisəli qiymətlər üzrə 3,6% artıb. Düzdür, dünya və ölkə iqtisadiyyatında çökmə təsirsiz də ötüşməyib. Belə ki, nəqliyyatda yük daşınması və pərakəndə əmtəə dövriyyəsi uyğun olaraq 1,4 və 0,9% səviyyəsində enib.

Ancaq əsas odur ki, koronavirus Naxçıvan iqtisadiyyatına hələ ki təsir edə bilməyib. Və bu, Azərbaycan iqtisadiyyatının bölgələr üzrə bir növ davamlılıq göstəricisi sayıla bilər.

Sözün qısası, əvvəlki şərhlərimdə də yazmışam ki, Azərbaycan hazırda sanki pandemiya ilə postpandemiya arasında keçid dövrünü yaşayır. Və dövlətimizin milyardlarla manat vəsait itkilərinə yol verməsinə baxmayaraq, makroiqtisadi vəziyyət hələ ki möhkəmdir. Və bunda məhz bax, Naxçıvan kimi bölgələrəmizdə iqtisadi fəallığın passivliyə uğramaması amili mühüm təsirə malikdir.

Ümumiyyətlə, ölkədə indiyədək həyata keçirilən islahatlar üzrə uğurların davamlılığını qoruyub saxlamaq və əhalinin artması ilə bağlı yaranan tələbatı qarşılamaq üçün iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək, infrastrukturu və sosial xidmətləri daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 29 mart 2019-cu il tarixli fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi sənədlər xüsusi qeyd edilməlidir. Bu cür sənədlər mühüm əhəmiyyət kəsb edir, o mənada ki, icrası böyük nəticələr verib və verir. Hesab edirəm, ölkəmizin hər bir bölgəsi üzrə də qeyd olunan tərzdə müvafiq proqram sənədlər işlənib hazırlansa və mövcud olsa, gələcək qlobal iqtisadi kataklizmlərdən də, ümumiyyətlə, sığortalı hesab olunmuş sayıla bilərik.

İnterpress.az