Putin Kadırova 53,6 milyard rubl (təxm. 900 milyon man), müharibədən əziyyət çəkən Kursk vilayətinə isə cəmi 3,6 milyard rubl (təxm. 60 milyon man) ayırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Çeçenistan 2025-ci ildə Kursk vilayətindən təxminən 15 dəfə çox subsidiya alacaq.
“Görünür, hakimiyyət Kursk əhalisinin onsuz keçinə biləcəyinə qərar verib”, – media yazıb.
Eyni zamanda, Çeçenistan üçün 53,6 milyard rubl, digər maliyyə mənbələrini nəzərə almasaq, yalnız birbaşa köçürmələrdir.
Yada salaq ki, Kadırovun sözlərinə görə, 2022-ci ildə regiona ümumilikdə 300 milyard rubl (təxm. 5 milyard man) vəsait daxil olub. Bu il daha çox olacağı aydındır.
“Çeçenistan dəbdəbəli yaşayarkən, Kursk vilayətinin sakinləri müharibə zamanı mənzil itkilərinə görə kütləvi şəkildə kompensasiyadan məhrum edilirlər.
İnsanlar müvəqqəti məskunlaşma mərkəzlərində dolaşır, imkanı olanlar isə öz vəsaitləri hesabına evlərini bərpa edirlər. Yəqin Çeçenistanın pula Kursk sakinlərindən daha çox ehtiyacı var”, – media iustehza ilə qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az