Bir dəstə Londonda masaj salonundan zərgərlik mağazasına tunel qazıb.
İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.
Londonda dəstə 700 min funt sterlinq (təxminən 1 milyon 550 min manat) dəyərində qənimət üçün masaj salonundan zərgərlik mağazasına tunel qazıb.
Üç cinayətkar zərgərlik mağazasına qeyri-adi yolla daxil olmaq qərarına gəlib: onlar qonşuluqdakı masaj salonuna daxil olaraq divardan tunel qazmağa başlayıblar. Lakin planı sona çatdırmaq mümkün olmayıb.
Gecə saatlarında olası soyğunçuluq barədə məlumat alan polis əraziyə gələrək dəstə üzvlərindən birini döngədə saxlayıb. İkinci cinayətkar isə damda gizlənərkən tapılıb.
Masaj salonunda əməliyyatçılar tunel tikintisi üçün nəzərdə tutulmuş alətlər və avadanlıqlar aşkar ediblər.
Dəstənin üçüncü üzvü elə həmin gün ölkədən qaçmağa cəhd etsə də, İrlandiyaya uçmaq istəyərkən Stensted hava limanında tutulub.
Sonradan polis bu qrupun Londonda daha bir neçə zərgərlik mağazasının soyulmasında əli ola biləcəyini müəyyən edib.
Xuraman Etibarlı
İnterpress.az






