Lukaşenko aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edibbackend

Lukaşenko aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident seçkilərindən sonra ölkədə keçirilən aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib.

İnterpress.az-ın Xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə o, MDB İcra Komitəsinin sədri, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə bildirib.

Lukaşenko 9 avqust mitinqləri zamanı nümayişçilərin Polşa, Britaniya və Çexiyadan gələn telefon zəngləri ilə idarə edildiyini bildirib.

“Keçmiş kəşfiyyatçılar olaraq siz də bilirsiniz, biz ölkə xaricindən edilən zəngləri qeydə almışıq. Bu zənglər Polşa, Britaniya və Çexiyadan gəlib”.

Lukaşenko, həmçinin, Belarusda “Maydan”a icazə verməyəcəyini və ölkəni parçalamaq cəhdlərinə adekvat cavab olacağını deyib.

“Dediklərim təsdiqləndi. Xəbərdarlıq etmişdim: kiminsə istəyindən asılı olaraq ölkədə “Maydan “olmayacaq. Buna görə də sakitləşmək lazımdır. Ölkənin parçalanmasına imkan verməyəcəyik”, – deyə o bildirib.

Polşa artıq Belarus Prezidentinin ittihamlarına cavab verib. Polşanın Xarici İşlər naziri  Yatsek Çaputoviç mətbuat konfransında bu ittihamların əsassız olduğunu qeyd edib.

Qeyd edək ki, avqustun 9-da Belarusda Prezident seçkisi keçirilib. Belarus MSK hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80%-dən çox səs toplayaraq qalib gəldiyini açıqlayıb.

Lakin A. Lukaşenkonun rəqibləri bununla razılaşmayıb. Onların tərəfdarları küçələrə çıxaraq, nəticələrə etiraz edib. Gecə boyu paytaxt Minskdə və ölkənin digər yerlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub.

Xəsarət alanlar və saxlanılanlar var.

 

İnterpress.az