Mayorkada dəhşətli tufan gözlənilir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Turistlərin sevimli məkanında ən yüksək təhlükə səviyyəsi elan edilib, küləyin sürəti saatda 90 km-ə çatacaq.
Qış aylarında soyuq havadan qaçan turistlərin üz tutduğu məşhur Balear adaları hazırda güclü qış tufanı təhlükəsi ilə üz-üzədir.
Meteoroloqların xəbərdarlığına görə, bu gün ərzində Mayorkanın şərq sahillərində nəhəng dalğaların hündürlüyü 10-12 metrə qədər yüksələcək.
Küləyin gücünün 12 ballıq şkala üzrə 8-9 bala (qasırğa səviyyəsi) çatacağı, sürətinin isə saatda 90 km olacağı proqnozlaşdırılır. Bununla əlaqədar adada ən yüksək təhlükə səviyyəsi elan olunub.
İspaniyanın Dövlət Meteorologiya Agentliyi (AEMET) əhaliyə və turistlərə çimərliklərdə gəzməməyi şiddətlə tövsiyə edib:
“Diqqətli olun və hava proqnozunu mütəmadi yoxlayın. Xüsusilə risk zonasında və ya açıq ərazilərdə olan insanlar üçün xəsarət almaq və əmlaka ziyan dəyməsi ehtimalı var”.
Proqnozlara görə, həftə sonuna doğru adalarda hava şəraiti sabitləşəcək, günəşli hava, yüngül yağış və 14-19 dərəcə istilik müşahidə olunacaq.
Xuraman Etibarlı
İnterpress.az






