Səhvən 330 qat artıq maaş alan işçi pulu geri qaytarmadı: Məhkəmə onun tərəfini tutdu
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çilidə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşına səhvən maaşından 330 dəfə çox məbləğ ödənilib. Söhbət təxminən 180 min dollar (təxminən 306 000 manat) məbləğində vəsaitdən gedir.
İlkin olaraq həmin şəxs rəhbərliyə səhv barədə məlumat verib və artıq köçürülən vəsaiti qaytarmaq üçün şəxsən banka gedəcəyinə söz verib. Lakin qısa müddət sonra o, fikrini dəyişərək əlaqəni kəsib. Üç gün ərzində işə gəlməyən işçi 72 saatdan sonra vəkili vasitəsilə rəsmi istefa ərizəsi göndərib və faktiki olaraq pulu özündə saxlayaraq əmək münasibətlərinə son qoyub.
Şirkət dərhal məhkəməyə müraciət edərək keçmiş əməkdaşını oğurluqda ittiham edib. Lakin üç il davam edən məhkəmə prosesi zamanı müdafiə tərəfi iddia edib ki, burada heç bir cinayət tərkibi yoxdur. Vəkillər vurğulayıblar ki, köçürmə müstəsna olaraq işəgötürənin səhvi ucbatından baş verib və işçi ödəniş sisteminə heç bir müdaxilə və ya manipulyasiya etməyib. 2025-ci ilin sentyabrında Santyaqo məhkəməsi işçinin xeyrinə qərar çıxarıb. Hakim hadisənin oğurluq deyil, işəgötürənin daxili səhvi olduğu qənaətinə gəlib.
Xuraman Etibarlı
İnterpress.az






