Mərakeş ölkəyə turist kimi daxil olan və jurnalist olduqlarını bildirməyən iki fransızın deportasiya edildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
Baytaş iki fransız jurnalistin ölkəyə turist kimi daxil olduğunu, peşələrini bəyan etmədiklərini və icazə almadıqlarını bildirib.
Baytaş qeyd edib ki, sözügedən jurnalistlərin qanuna uyğun olaraq ölkələrinə geri göndərilməsi normaldır.
Hökumət sözçüsü həmçinin əlavə edib ki, fransalı jurnalistlərin Mərakeşdəki zəlzələ ilə bağlı yaydıqları xəbərlərin bir qismi obyektiv deyil, lakin onların heç birinə hər hansı təzyiq göstərilməyib.
Mərakeş Milli Mətbuat Şurası sentyabrın 20-də Mərakeşdə baş vermiş zəlzələ ilə bağlı xəbərlərində pozuntular müşahidə etdiyi Fransanın “Charlie Hebdo” jurnalı və “Liberation” qəzetinə qarşı şikayət ərizəsi verdiyini açıqlayıb.
Şura zəlzələ ilə bağlı reportaj hazırlamaq üçün ölkədə 78-i fransız olmaqla 312 xarici jurnalistin çalışdığını və onların hamısının lazımi akkreditasiyadan keçdiyini qeyd edib.
Sentyabrın 11-də Fransanın “Liberation” qəzeti Mərakeş kralı VI Məhəmmədin Fransanın yardım təklifinə cavab verməməsinə istinad edərək “Şəxsən mən heç nə hiss etmədim” sözləri ilə karikatura dərc edib və qəzetin birinci səhifəsində eyni tarixdə ağlayan mərakeşli zəlzələ qurbanının fotosunun yerləşdirib.