Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçiribbackend

Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun Müstəqil Media Mərkəzinə baxış keçirib.

“Report” xəbər verir ki, sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar mərkəzdəki şəraitlə yaxından tanış olan sədr Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib.

O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Mərkəzin təkmil fəaliyyətinə dair təəssürat və tövsiyələrini bölüşən MSK sədri qeyd edib ki, layihənin başlıca məqsədi seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində əhəmiyyətli rol oynayan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir.

M.Pənahov tanışlıq zamanı həmçinin Mərkəzdə çalışan jurnalistlərlə söhbət edib və onların fikirlərini dinləyib.

Tanışlıqdan sonra MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə fərqli statuslu seçki iştirakçılarının sərbəst fəaliyyətinə köməklik göstərilməsi, hərtərəfli əlverişli şərait və geniş imkanların təmin olunması üçün müxtəlif formatlı layihələr gerçəkləşdirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn seçkilərlə əlaqədar yeni fəaliyyətə başlayan “Seçki-2024” Müstəqil Media Mərkəzi də bu kateqoriyadan olan layihələrdən biridir.

Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir. Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər paylaşılır.

“Seçki-2024” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:

Telefon: (+99412) 493-93-98

Ünvan: “Hilton” hoteli, 3-cü mərtəbə, “ONYX” zalı

E-poçt: [email protected]