2029-cu ildə nadir kosmik hadisə baş verəcək – Apofis asteroidi Yerə rekord yaxınlıqdan keçəcək.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Apofis asteroidi 2029-cu ildə Yerə son dərəcə yaxın məsafədən keçəcək və bu nadir kosmik hadisəni dünyanın əksər sakinləri adi gözlə müşahidə edə biləcəklər.
Mütəxəssislərin məlumatına görə, asteroid Yer səthindən təxminən 32–38 min kilometr məsafədən keçəcək. Bu məsafə hətta geostasionar peyklərin orbitindən də yaxındır.
Maksimum yaxınlaşma zamanı Apofis səmada parlaq ulduz kimi görünəcək və teleskop olmadan da izlənilə biləcək.
Asteroidin hərəkəti adi gözlə seçiləcək qədər sürətli olacaq – o, təxminən bir dəqiqə ərzində Ayın görünən diametrinə bərabər məsafə qədər səmada yerini dəyişəcək.
Alimlərin hesablamalarına əsasən, hava şəraiti əlverişli olacağı təqdirdə Yer əhalisinin 90 faizədək hissəsi bu hadisəni tam və ya qismən müşahidə edə biləcək.
Təxminən 300–370 metr ölçüyə malik olan Apofis Yerə yaxın asteroidlər sırasındadır.
Alimlər bildirirlər ki, bu ölçüdə kosmik cisimlərin Yerə bu qədər yaxın məsafədən keçməsi minilliklər ərzində çox nadir hallarda baş verir.
Xuraman Etibarlı
İnterpress.az






