Mirzə Ağabəyli: “Əməkdar artist olduğum üçün xəcalət çəkirəm“backend

Mirzə Ağabəyli: “Əməkdar artist olduğum üçün xəcalət çəkirəm“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq teatrların qapalı olmasından 2 il keçir. Çalışdığım Akademik Milli Dram Teatrı üçün çox darıxmışam. Mən Bakının Buzovna kəndində yaşayıram. Vaxtımı kənddə keçirirəm, təsərrüfatla, əkin-biçin, tikinti işləri ilə məşğul oluram. Nə olsun ki, sənətçiyəm? Məndə kompleks yoxdur, hansı işi lazımdırsa onu da özüm görürəm. Bu günün işini sabaha saxlamıram. Tələskən insanam. Bir işi əlimə götürdümsə onu mütləq bitirməliyəm. Söz verdimsə mütləq yerinə yetirməliyəm, çünki kişi sözünün ağası olar”., bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Mirzə Ağabəyli deyib. Aktyor daha sonra sənət həyatından danışıb:

“Aktyor əgər zəifdirsə rejissor ondan heç nə ala bilməz. Xəmiri verirsən qadına, o əgər yaxşı, professional aşbazdırsa həmin xəmirdən hər şey hazırlaya bilər. Aktyor da, rejissor da elədir. Gərək sənin rejissorun da dahi olsun. Rejissor var ki, adı rejissordur, söz deyirsən ona deyir ki, necə istəyirsən elə. Aktyoru idarə edən rejissordur. Evdə hiss edirsən ki, qarşında ata var, teatrda da hiss etməlisən ki, qarşında rejissor var. Əsas obrazlarımızı tamaşaçı sevməlidir, tamaşaçı sevdisə o zaman biz udmuşuq, öz-özünə dedinsə “məndən yoxdur” onda sən elə batmış aktyorsan.

Tamaşaçıların yolda məni saxlayıb xoş sözlər deməsindən həzz alıram. Bir-iki dəvət olunduğum serialdan imtina etmişəm. Görmüşəm ki, tərəf müqabilimdə də, ssenaridə də sünilik var. Sünilik məndən yaddır, çünki Mehdi Məmmədovun tələbəsiyəm” deyə sənətçi bildirib.

Mirzə Ağabəyli daha sonra ona qarşı ona laqeyd münasibətdən də gileylənib.

“Mən əməkdar artist olaraq xəcalət çəkirəm. Niyə? Çünki Qulu Əsgərov, Fazil Salayev, Ceyhun Mirzəyev fəxri adsız dünyadan köçdülər. Amma mən əməkdar artistəm. İndi xalq artisti, prezident təqaüdü alırlar və deyirlər ki, bunlar mənə verilib. O adlar sənə verilməyib, sən onu qazanmamısan, nəyinsə hesabına almısan! Demisən ki, “mən yazaram, mən pozaram” ağzını yummaq üçün deyiblər ki, götür, it aparan olsun. Ad üçün dilənirlər. Mirzə Ağabəyli dilənçi deyil, heç olmasa vicdanınız, kişiliyiniz varsa baxın görün ki, kimlər nə oynayıb. Bəsdirin daha! Fəxri adı Baloğlan Əşrəfova verərdiniz ki, oktyabr ayında 70 yaşı tamam olacaq. Yazıq elə fəxri ad deyə-deyə getdi. Mənə fəxri ad vermə, adı saxla əzizlərinə verərsən! Baxın görün kim hay-küy salır, adları onlara verin. Fəxri ad üçün qapı döyməmişəm! 70 yaşım tamam oldu, bircə məni Qənirə Paşayeva çağırıb təbrik etdi. 65-70 yaşında Xalq artisti fəxri adı verirlər. Mən elə adam deyiləm ki, gedim yalvarım ki, mənə fəxri ad versinlər. Nə mükafat almışam, nə də bir şey. Kimdən xoşları gəlibsə, dost-aşnaları kimdirsə onlara veriblər fəxri adları. 4-5 filmdə baş rollara çəkilmişəm, xalq artistləri var ki, bir filmdə çəkilməyib. Aparıcılar da elə onları efirdə təqdim edəndə elə qışqırır ki, “xalq artisti filankəs filankəsov”. Xalq artisti olanda nə olar? Bunu mütləq ki, pafosla deməlisən?” deyə əməkdar artist bildirib.