“Peşəkarları qıraqda saxlayıb, axmaqları efirə dəvət edirlər” – Kamran Həsənlibackend

“Peşəkarları qıraqda saxlayıb, axmaqları efirə dəvət edirlər” – Kamran Həsənli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan teleməkanında müğənni, aktyor və aktrisaların teleaparıcılıq etməsi dəb şəkli alıb. Bunu isə bəzi hallarda telekanalların daha baxımlı olması üçün tanınmışlara aparıcılıq təklif etməsi ilə izah edirlər.

Səbubər İsgəndərli və Mehriban Zəki teatr səhnəsindən TV-yə keçid edib, aparıcılıqlarına irad səslənməyib. Lakin müğənni Roza Zərgərli və Elza Seyidcahanın aparıcılığı sosial şəbəkələrdə bəzən etirazla, qismən də verilişlərin səviyyəsi ilə irad hədəfi olur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı, şoumen Kamran Həsənlinin fikrincə, Azərbaycan teleməkanında müğənnilərin veriliş aparması qeyri-məqbuldur:

“Neçə illərdir televiziya rəhbərləri, redaktorlar, ümumiyyətlə, qeyri-peşəkarlar müğənnilərə veriliş etibar edirlər. Müğənnilər həmin verilişlər üçün aylıq pul verirlər. Əslində, televiziya aparıcılıq üçün pul ödəməlidir ki, onlar kanala reytinq, pul, reklam gətirsin. Lakin qeyri-peşəkar rəhbərlər müğənnilərin reytinqindən istifadə edib onlardan aylıq pul alırlar.

Müğənnilər başa düşmür ki, onlar oxumaqla qazandıqları məşhurluğu, kapitalı aparıcılıq etməklə itirir. Aparıcının gərək intellekti, yumor hissi, fəlsəfi düşüncəsi, tarixi biliyi olsun. Ona görə də müğənnilərin açdığı verilişlər uğurlu alınmır, çünki aparıcılıq bazaları yoxdur, leksikaları kasaddır. Buna görə də, efirdə biabır olurlar.

Bu, telekanllarda yeni tendensiya deyil, peşəkarları qıraqda saxlayıb, axmaqları efirə çıxaranda telekanallar bu günə düşür. Ona görə də, Azərbaycan telekanallarına baxmıram, hətta evdə də, qohum-əqrəbamda da heç kim baxmır.

Azərbaycan televiziyası bu gün tamaşaçının nifrət obyektidir. Qarşıma sosial şəbəkələrdə həmin verilişlərdən biabırçı hissələr çıxır, görürəm, həmin məqamları müzakirə edir, müğənnilərin buraxdığı “xoruz”lardan istifadə edirlər. Camaat üçün belə məqamlar maraqlıdır”.

K.Həsənli qeyd edib ki, telekanalların müğənnilərdən faydalanma cəhdi əks-effekt verir:

“Təbii ki, bu, reytinq gətirmir. Qeyri-peşəkar və axmaqların düşüncəsi necə reytinq gətirə bilər?! Müğənnilik başqa, aparıcılıq isə tamam başqa istedaddır. Televiziyanı yönəldənlər əksər vaxt cılız maraqlara boyun əyirlər. “Təsadüfən” TV-yə yol tapan rəhbərlər kanalları pis günə qoyur. Yeni layihə düşünə bilmədiklərinə görə ucuz şorba bişirirlər, yəni müğənnilərdən istifadə etməyə çalışırlar”.

Şoumen bəzi veriliş formatlarının plagiat olduğunu iddia edib:

“2000-ci ildə açdığım “Sizin Saat” proqramının konsepsiyasından hələ də istifadə edirlər. Amma özümü televiziyalardan kənarda qoyublar. Halbuki söhbət formatı mənimdir. Bu, artıq köhnəlib, üstündən 21 il keçib. Həm də mənim müzakirəyə çıxardığım mövzuları onlar müzakirə edə bilməz. 21 il əvvəlki formatdan telekanallar bu gün də heç cür aralana bilmir. Kim veriliş açır, studiyaya divan qoyur, müğənnini dəvət edir, yəni köhnə hamam, köhnə tas…

Bu verilişlərin heç biri təbii ki, “Sizin Saat” səviyyəsində deyil. Çünki onlar nə televiziyaçıdır, nə də aparıcı, sadəcə istedad çatmırt”.