Qəhrəmanların təlim düşərgəsini zəbt edən məmurlar və eşşəklə su daşıyan qızcığazlar – VİDEObackend

Qəhrəmanların təlim düşərgəsini zəbt edən məmurlar və eşşəklə su daşıyan qızcığazlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bura Tovuz rayonunun Kirən kəndidir. Dəniz səviyyəsindən 1 300-1 400 metr yüksəklikdə yerləşir. Hiss olunur ki, asfalt yolu yeni salınıb. Salınıb deyiləndə, əslində, bu qayalığa, dik yoxuşa asfaltı salmaq yox, yapışdırmaq olar. Və bu “yapışdırılan” yol səni ecazkar bir məkana aparır.
Kəndin ərazisində vaxtilə böyük lager (pioner düşərgəsi) – yay məktəbi olub. 4 korpusdan və bir bufet binasından ibarət bu düşərgə ətraf rayonlar içərisində ən gözəli hesab edilib. Sıx meşənin ortasında, həm də dağın başında yerləşən düşərgə indi şəxsi mülkə, mal-qara tövləsinə çevrilib.
Kadrlardan da göründüyü kimi, həmin binaların biri uçub, qalanı isə yem damına və tövləyə çevrilib.
Ərazi həm də strateji mövqeyinə görə xüsusilə fərqlənir. Yaxın tariximizin şanlı səhifələrin biri də bu düşərgə ilə bağlıdır.
Belə ki, Birinci Qarabağ müharibəsi zamanı MHP-dən olan keçmiş millət vəkili Əhməd Kayanın rəhbərliyi ilə Türkiyədən Azərbaycana döyüşmək üçün gələn könüllülər də (“Bozqurdlar”) burada təlim keçiblər. Düşmənin içinə diversiya əməliyyatı da buradan aparılıb, Xocalının qisasının alınması üçün döyüşçülərimiz buradan düşərgə kimi istifadə ediblər.
İndi isə bura sadəcə kiminsə qazanc və istirahət yeri funksiyasını yerinə yetirir. Binaların biri çobanların istifadəsinə, digərləri isə heyvanlara xidmət edir. Ərazidə 3 yeni kottec də tikilib. Görünür, buranın sahibinin və onun dost-tanışlarının dincəlməsi üçün nəzərdə tutulub.
Bəs görəsən o sahib kimdir, buranı kim zəbt edib?
Bu barədə suala həm cavab var, həm də yoxdur. Çünki istənilən rayon sakinindən soruşduqda, iki-üç adamın adı çəkilir. Çoxu deyir ki, bura hazırkı icra başçısı “Zəhər Mamed” ləqəbli Məmməd Məmmədova məxsusdur.
İddialara görə, M.Məmmədov bura vaxtaşırı gəlib-gedir. Qeyd olunur ki, kottecləri icra başçısı həm təsərrüfatına baxmaq, həm də istirahət etmək üçün tikdirib.
Amma başqa adamların da adı hallanır. Ümumiyyətlə, Tovuzun əksər gözəl məkanları, zəbt edilməsi mümkün olan əraziləri bir neçə şəxs tərəfindən mənimsənilib. Bu adamlar arasında ilk yeri Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov tutur. Bu işlərə qardaşı, Tovuzun keçmiş icra başçısı Tofiq Zeynalov və bacısı oğlu Tahir Əfəndizadə rəhbərlik edir.
Ən çox torpaq sahibi olanlardan biri də rayonun baş həkimi Paşa Muradovdur.
Son illərdə isə bu “işğalçılar” sırasına icra başçısı Məmmədov da daxil olub. Və bu yay məktəbinin ərazisini də onun mənimsədiyi bildirilir. Amma dediyimiz kimi, bu barədə dəqiq bir məlumat yoxdur.
Kirənin də daxil olduğu 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən millət vəkili seçilmiş Arzu Nağıyev də həmin ərazinin kimə məxsus olduğunu bilmir. Bizə tövsiyə edir ki, bunu İcra Hakimiyyətindən dəqiqləşdirək. İcra Hakimiyyətindən isə suala ümumiyyətlə cavab verilmir.
Hər halda hansı məmurun zəbt etməsinin sakinlər üçün elə də fərqi yoxdu. Əsas odur ki, o gözəl məkan – ərazidə yeganə qazı-suyu, işığı olan yer xalqa, sakinlərə deyil, hansısa məmura xidmət edir. Və bu qaz da, işıq da, su da dövlət hesabına çəkilib. Hansı ki, ətraf kəndlərə hələ də eşşəklə su daşıyırlar. Baxın, bu qızcığazlar kimi…/Baku Post