Oktyabr ayının 11-də Hacıqabul şəhər Mədəniyyət Evində Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynovun rayon ictimaiyyəti ilə geniş görüşü keçirilmişdir.
Rafael Hüseynov əvvəlcə sentyabr ayının 1-də Milli Məclisə yeddinci çağırış növbədənkənar seçkilərdə fəallıq göstərdiklərinə, mütəşəkkil iştiraklarına və onu dəstəklədiklərinə görə toplaşanlara dərin təşəkkürünü bildirmiş və onun minnətdarlığını rayon ictimaiyyətinə çatdırmağı rica etmişdir.
Rafael Hüseynov bildirmişdir ki, uğurla keçən hər seçki xalq və dövlət birliyinin, respublikadakı sağlam ictimai-siyasi mühitin və sabitliyin əyani göstəricisidir.
Budəfəki Milli Məclis seçkilərinin müstəqillik dövrü bütün Azərbaycan tarixindəki ən əlamətdar seçki olduğunu vurğulayan Rafael Hüseynov qeyd etmişdir ki, indiki azad, demokratik, şəffaf keçirilən seçkilər müstəqillik tariximizdə Azərbaycanın bütün ərazisində keçirilən ilk seçkidir.
Görüşə toplaşmış şəhid valideynlərini və qaziləri hərarətlə salamlayan Rafael Hüseynov Azərbaycanın belə bir uğura gəlib çatmasının əsas müəllifləri sırasında canını torpaqlarımızın düşmən tapdağından azad edilməsində fəda etmiş Azərbaycan əsgərinin və qazilərimizin müstəsna xidmətləri olduğunu diqqətə çatdırmış, Hacıqabulun da bu yolda rəşadət nümunəsi göstərmiş övladlarının xidmətlərinin daim ehtiramla xatırlanacağını söyləmişdir.
Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanı müasir tarixin çətin yolları ilə inamla irəlilədərək daha böyük zəfərlərə doğru aparmasını vurğulayan Rafael Hüseynov ölkə rəhbərinin son illərdə 9 dəfə Hacıqabula gəlməsini, hər gəlişinin də növbəti yüksəlişlərə təkan verməsini rayona göstərilən xüsusi diqqətin ifadəsi olduğunu bildirmişdir.
Rafael Hüseynov hacıqabullularla görüş və qəbulların bundan sonra daha intensiv şəkil alacağını, ayda iki dəfə şəhərdə, eləcə də müxtəlif kənd və qəsəbələrdə görüşlərin keçiriləcəyini xəbər vermişdir.
Deputat onu da nəzərə çatdırmışdır ki, yalnız son 2 həftə ərzində o bir çox hacıqabulluları Bakıda və burada qəbul etmiş, onların 30-dan artıq ərizəsi və müraciəti ilə bağlı müvafiq instansiyalara məktublar göndərmişdir.
Görüşdə iştirak edən rayon ictimaiyyəti nümayəndələri çıxış edərək Rafael Hüseynovun Milli Məclisin sədr müavini seçilməsini sevinclə qarşıladıqlarını bildirərək bu yüksək etimada görə Respublika rəhbərliyinə razılıqlarını bildirmişlər.
Onlar arxada qalan 20 ildən artıq müddətdə Rafael Hüseynovun beynəlxaılq çərçivədə səmərəli parlament fəaliyyətini yüksək dəyərləndirməklə yanaşı rayonun və əhalinin bir çox problemlərinin həllində göstərdiyi köməklərə görə də minnətdarlıq hisslərini ifadə etmişlər.
Təqribən 300 seçicinin iştirak etdiyi səmimi görüşdən sonra da təmaslar davam etmiş, Milli Məclisin sədr müavini? Akademik Rafael Hüseynov ayrı-ayrı seçiciləri dinləyərək onların yazılı müraciətlərini də qəbul etmişdir.