Rusiyada “Telegram”ın terrorçu təşkilat elan edilməsi üçün müddət açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsi sədrinin müavini Andrey Svintsov məlumat yayıb.
A.Svintsov bildirib ki, əgər “Telegram”ın rəhbərliyi Rusiya qanunvericiliyinin tələblərinə məhəl qoymamağa davam edərsə, yaxın 2 ay ərzində Federal Təhlükəsizlik Xidməti (FSB) messencerin terrorçuların əlaltısı kimi tanınması təklifi ilə çıxış edə bilər.
Deputat xatırladıb ki, rəqəmsal inkişaf naziri Maksut Şadayev də daha əvvəl şirkətin fəaliyyətində ekstremizm əlamətlərinin olduğunu bildirmişdi.
Dövlət Dumasından verilən izaha görə, messencer rəhbərliyinin Rusiyada leqallaşmaq üçün kifayət qədər imkanı var.
Bunun üçün “Telegram” Rusiyada hüquqi şəxs yaratmalı, habelə FSB-nin sorğuları əsasında istifadəçilərin yazışmalarını və digər məlumatları təqdim etməlidir.
Hazırda “Telegram” rəhbərliyindən bu tələblərə əməl olunması gözlənilir, əks halda sərt hüquqi prosedurların başladılacağı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






