Təqaüdçülər “sağlam şorba”nı daddıqdan sonra huşunu itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyada 80 yaşlı kişi və 71 yaşlı qadın evdə hazırladıqları şorbaya təsadüfən dəlibəng yarpaqları əlavə etdikdən sonra ağır zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, cütlük evdə hazırlanan şorbaya öz həyətlərində yetişdirdikləri və ispanaq hesab etdikləri 5-6 yarpaq əlavə edib.
Bitkilər qadının Anapadan gətirdiyi toxumlardan yetişdirilib.
Yeməkdən sonra hər ikisinin vəziyyəti qəfil pisləşib. Kişi huşunu itirərək qıcolmağa başlayıb.
Həyat yoldaşı təcili tibbi yardım və qonşunu çağırmağa macal tapıb, daha sonra özü də huşunu itirib.
Cütlük Canelidze adına Elmi-Tədqiqat İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. Qadın 10 saat sonra özünə gəlib.
Kişi isə 20 saat süni ağciyər ventilyasiyasında saxlanılıb və yalnız 44 saatdan sonra tam özünə gəlib.
Həkimlərin müdaxiləsi nəticəsində hər iki şəxsin həyatını xilas etmək mümkün olub. Cütlük müalicədən sonra evə buraxılıb.
Xuraman Etibarlı
İnterpress.az






