Samvel Karapetyanın qardaşı oğluna cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi tanınmış iş adamı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanla bağlı cinayət işinin başlandığını təsdiqləyib.
O, hərbi xidmətdən yayınmaq ehtimalı ilə əlaqədar istintaqa cəlb olunub.
Qeyd edək ki, Narek Karapetyan “Bizimki kimi” (“Po-naşemu”) hərəkatının koordinatorudur. Bu barədə daha əvvəl hakimiyyətə yaxın “Haykakan jamanak” nəşri məlumat yaymışdı.
İstintaq orqanından bildirilib ki, ibtidai istintaq zamanı Karapetyanın daha əvvəl Mərkəzi Tibbi Komissiyanın rəyi ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdudiyyətlə yararlı hesab edildiyi və hərbi qeydiyyatda olduğu müəyyən edilib.
Lakin onun sağlamlıq vəziyyəti ilə bağlı bəzi halların aydınlaşdırılması məqsədilə yenidən tibbi komissiyadan keçməsi tələb olunub.
Narek Karapetyan isə müayinədən keçməkdən imtina edib.
Xuraman Etibarlı
İnterpress.az






