Səudiyyə Ərəbistanının Baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud 9-11 sentyabr tarixlərində Hindistana səfər edəcək və Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak edəcək.
“İnterpress.az” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunub ki, səfər Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə baş tutacaq. Səudiyyə Ərəbistanının vəliəhdi bundan əvvəl 2019-cu ilin fevralında Hindistana dövlət səfəri edib və bu, onun ölkəyə ikinci dövlət səfəri olacaq.
Sentyabrın 11-də Səudiyyə vəliəhdinin Hindistan prezidenti Draupadi Murmu ilə görüşü nəzərdə tutulub. Hər iki lider, həmçinin Strateji Tərəfdaşlıq Şurasının Liderlərin İlk Toplantısına həmsədrlik edəcək.
Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, o cümlədən siyasi, müdafiə, ticarət, iqtisadi, mədəni, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, 2022-23-cü maliyyə ilində hər iki ölkə arasında ticarət rekord həddə – 52,75 milyard dollara çatıb. Hindistan Səudiyyə Ərəbistanının ikinci ən böyük ticarət tərəfdaşıdır, Səudiyyə Ərəbistanı isə Hindistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.