Artıq ənənə halını almış və dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin bir araya gəldiyi platforma deyil, həm də qlobal informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və həqiqətin müdafiəsi istiqamətində beynəlxalq dialoqun mühüm mərhələsidir.

Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biridir. Forum təkcə media nümayəndələrinin görüş platforması deyil, həm də müasir dünyanın informasiya çağırışlarının, beynəlxalq təhlükəsizliyin, rəqəmsal transformasiyanın, süni intellektin, informasiya müharibələrinin və sülhün təşviqində medianın rolunun müzakirə edildiyi qlobal platformadır.
Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu xüsusilə mühüm aktuallıq daşıyır. Çünki müasir dövrdə informasiya məkanı təkcə xəbərlərin yayıldığı sahə deyil, eyni zamanda, geosiyasi rəqabətin, ictimai rəyin formalaşmasının və beynəlxalq münasibətlərin əsas istiqamətlərindən biridir.
Forumda dünyanın 53 ölkəsindən 160-dək media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakının gözlənilməsi tədbirin beynəlxalq əhəmiyyətini göstərir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın milli maraqları, beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz mövqeyi və regional proseslərlə bağlı çox mühüm mesajlar verdi.
Dövlət başçısı həm 907-ci düzəlişin ləğvinin vacibliyinə, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rola xüsusi diqqət çəkdi. Forumda səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini bir daha nümayiş etdirdi.
Ölkə başçısı çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasının və digər Avropa təsisatlarının Azərbaycana qarşı uzun illər ərzində sərgilədiyi ədalətsiz yanaşmaya toxundu. Həmin qurumlar yol verdikləri səhvləri etiraf etməli və ölkəmizə münasibətdə daha obyektiv mövqe nümayiş etdirməlidirlər.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan da geniş bəhs edib. Bu gün Azərbaycan bir sıra Avropa ölkələrinə qaz ixrac edir. Ölkəmizin enerji tərəfdaşlarının sayı getdikcə artır. Suriyaya Azərbaycan qazının ixracı məsələsinin gündəmə gətirilməsi də Azərbaycanın enerji coğrafiyasının genişləndiyini göstərir.
Dövlət başçısı Şuşadan Azərbaycanın yeni mərhələdəki yol xəritəsini açıqladı. Həm Azərbaycan xalqına, həm qonşu dövlətlərə, həm region ölkələrinə, həm dünya güclərinə, həm də ölkəmizlə bağlı müxtəlif planlar quran siyasi dairələrə aydın mesajlar verdi.
Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.
Ümumiyyətlə, IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir.
Şuşa Qlobal Media Forumu dünyada gedən proseslərin təhlili, qlobal çağırışların müzakirəsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platformaya çevrildiyini bir daha təsdiq etmiş oldu.






