Tbilisi məhkəməsi qalmaqallı pansionatın yetirmələrinə təzminat ödənilməsi barədə qərar çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Tbilisi şəhər məhkəməsi Gürcüstan dövlətini qalmaqallı “Ninotsminda” pansionatının keçmiş yetirmələrinə təzminat ödəməyə məcbur edib.
Məhkəmə qərarına əsasən, pansionatın 11 keçmiş yetirməsinin hər birinə 30 min lari (təxminən 19 000 manat) məbləğində vəsait ödənilməlidir.
Qeyd edək ki, “Ninotsminda” pansionatı 2021-ci ildə böyük qalmaqalla gündəmə gəlmişdi. BMT-nin Uşaq Hüquqları Komitəsinin qiymətləndirməsinə görə, müəssisədə mövcud olan təcrübələr işgəncə və qeyri-insani rəftarla bərabər tutulub.
Təzminat məbləği tərəflər arasında mübahisəyə səbəb olub. Belə ki, zərərçəkmişlərin vəkilləri kompensasiyanın 100 min lari (təxminən 63 000 manat) məbləğinə qədər artırılmasını tələb edirlər.
Gürcüstanın Maliyyə Nazirliyi isə hazırkı 30 min larilik məbləğin belə həddindən artıq yüksək olduğunu hesab edir.
2016-cı ildən 2021-ci ilə qədər sözügedən pansionatla bağlı dörd cinayət işi açılıb.
2021-ci ildə pansionatın əməkdaşlarının yarıdan çoxu və müəssisə yarandığı gündən bəri rəhbərlik edən direktor işdən çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az






