“Telegram” bazasında istifadəçi adlarının satışı üçün hərracların keçirildiyi platforma yaradıla bilər.
Bu barədə messencerin yaradıcısı Pavel Durov öz kanalında məlumat verib.
“TON belə nəticələr əldə edə bilibsə, 700 milyon istifadəçisi olan “Telegram”ın (əgər biz rezerv edilmiş istifadəçi adlarını, qruplarını və kanal bağlantılarını hərraca çıxarsaq) nə qədər uğurlu olacağını təsəvvür edin”, – deyə o yazıb.
Beləliklə, milyonlarla yaddaqalan “t.me” ünvanlarına əlavə olaraq, @bank, @club, @game və ya @gift kimi dörd hərfdən ibarət istifadəçi adlarının hamısı hərraca çıxarıla bilər.
“Daha sonra ekosistemin digər elementləri, o cümlədən kanallar, stikerlər və ya emojilər də bu bazarın bir hissəsi ola bilər”, – deyə Durov əlavə edib.
O, həmçinin hərracda TON-dan ödəniş vahidi kimi istifadə etməyi düşündüyünü bildirib.
Mesencerin yaradıcısının sözlərinə görə, belə auksionlar başlanarsa, istifadəçilər gələcəkdə aldıqları ləqəbləri və stikerləri təhlükəsiz əməliyyatlarla köçürə biləcəklər.
“Gəlin görək qarşıdakı həftələrdə “Telegram”a bir az “Web 3.0” əlavə edə biləcəyikmi”, – deyə o sözlərini yekunlaşdırıb.