Texasda miqrant düşərgəsində 2 ayda 3 nəfər vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
ABŞ-nin Meksika ilə sərhədinə yaxın, Texas ştatındakı “İst-Montana” (East Montana) miqrasiya düşərgəsində saxlanılan azı üç nəfər iki aydan az müddət ərzində ölü tapılıb.
Hadisələr ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) nəzarəti altında olan mərkəzdə baş verib.
Hüquq müdafiəçiləri düşərgədə sistematik zorakılıq, amansız rəftar və səhlənkarlıq olduğunu bildirirlər.
İmmiqrasiya rəsmiləri isə bu ölümləri “intihar” kimi qələmə verirlər. Lakin qurbanlardan birinin vəkili Rendall Kallinen bildirib ki, hətta bu intihar olsa belə, həmin şəxsi bu addımı atmağa nəyin vadar etdiyi mütləq araşdırılmalıdır.
Ölənlər arasında yanvarın 3-də vəfat edən 55 yaşlı Kuba vətəndaşı Heraldo Lunas Kampos da var. Məhkəmə tibb eksperti onun ölümünü mühafizəçilər tərəfindən tətbiq edilən fiziki zorakılıq nəticəsində baş verən qətl kimi qiymətləndirib.
Şahidlərin sözlərinə görə, mühafizəçilər əlləri qandallı olan Kamposu yerə sıxaraq boğucu fənd tətbiq ediblər və o, nəfəs ala bilmədiyi üçün keçinib.
ICE isə mühafizəçilərin yalnız intihara cəhdin qarşısını almaq üçün müdaxilə etdiyini iddia edir.
Bundan əlavə, dekabrda 48 yaşlı Qvatemala vətəndaşı Fransisko Qaspar-Andresin, yanvarın 14-də isə 36 yaşlı Nikaraqua vətəndaşı Viktor Manuel Diasın düşərgədə vəfat etdiyi bildirilir.
Hüquq müdafiə qrupları və El Pasodan olan demokrat konqresmen mövcud vəziyyətlə əlaqədar olaraq “İst-Montana” düşərgəsinin dərhal bağlanmasını tələb edirlər.
Xuraman Etibarlı
İnterpress.az






