Tümen vilayətində FÖVQƏLADƏ VƏZİYYƏT: 116 uşaq ZƏHƏRLƏNDİbackend

Tümen vilayətində FÖVQƏLADƏ VƏZİYYƏT: 116 uşaq ZƏHƏRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümen vilayətində 116 uşaq zəhərlənib.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Rusiyanın Tümen vilayətinin Onoxino kəndində uşaqlar arasında kütləvi kəskin bağırsaq infeksiyası baş verib.

Məlumata görə, ümumilikdə 116 uşaq infeksiyadan zərər çəkib. Onlardan biri orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digər 115 məktəbli isə hazırda ambulator şəraitdə müalicə olunur.

Regional Səhiyyə Departamenti və “Rospotrebnadzor” əməkdaşları əraziyə cəlb olunaraq əhaliyə lazımi tibbi yardım göstərir və əks-epidemik tədbirlər həyata keçirirlər.

Hakimiyyət orqanları yeni mümkün zərərçəkənlərin müraciəti üçün “qaynar xətt” istifadəyə verib.

Yerli sakinlər kütləvi zəhərlənmənin səbəbi kimi “Pışminskaya” quşçuluq fabrikinin yoluxmuş toyuq ətini göstərirlər.

Belə ki, noyabr ayında həmin fabrikdə quşlar arasında infeksion xəstəlik ocağı aşkar edilmişdi.

Müəssisə rəhbərliyi həmin vaxt xarab olmuş məhsulların satışdan çıxarıldığını bəyan etsə də, Onoxino kəndində bütöv ailələrin, o cümlədən məktəbdə yemək yeməyən uşaqların da xəstələnməsi şübhələri quşçuluq fabrikinin üzərinə yönəldib.

Məktəb direktoru da infeksiya ocağının təhsil müəssisəsi daxilində olması ehtimalının az olduğunu bildirib.

Sakinlər həmçinin qeyd edirlər ki, fabrikdə xəstə quşların məhv edilməsi prosesindən sonra belə, satışda olan yumurtaların içərisində qan laxtaları və qeyri-adi yad cisimlərə rast gəlinir.

Xuraman Etibarlı

İnterpress.az