“Ərdoğanın bu səfəri yalnız Zəngilanın işğaldan azad edildiyi gündə İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməyə həsr olunmayıb”.
Bu sözləri məhz Zəngilanın işğaldan azad edildiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu səfər 44 günlük Vətən müharibəsindəki Qələbəmizin möhkəmləndirilməsinə xidmət edir:
“Türkiyə prezidentinin Zəngilana səfəri İranın sərhədlərimizdə hərbi təlimlər keçirməsindən bir gün sonraya təsadüf edir. Ərdoğanın bu səfəri yalnız Zəngilanın işğaldan azad edildiyi gündə İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməyə həsr olunmayıb. Bu səfər həm də bizə meydan oxuyan Fransa və İran kimi ermənipərəst ölkələrə mesajdır.
Ərdoğanın bu mesajı yəqin ki, Fransa prezidenti Emmanuel Makronu, İranın fars-molla rejimini də reallıq hissinə qaytaracaq və onları bizə qarşı təhdid ritorikasından əl çəkməyə məcbur edəcək. Türkiyənin Azərbaycanın yanında yer alması zərurət və qanunauyğunluqdur. Fransa, İran və digərləri Ermənistanın yanında yer alırsa, haqqı, ədaləti təmsil edən Türkiyənin də haqlı tərəfə – Azərbaycana dəstək verməsi təbiidir”.