“Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşada keçirilməsinin xüsusi önəmi var. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər bir zaman Qarabağın, Şuşanın azadlığını düşünmüşük və bir gün Şuşada toplaşacağımızın xəyallarını qurmuşuq. Bu xəayallarımızın gerçəkləşdiyinin sevinci ilə yanaşı, Şuşada toplaşmağımızın bundan sonrakı fəaliyyət istiqamətlərimizin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyəti var və bizim hər birimizin qarşısında önəmli vəzifələr qoyulub”.
Bu fikirləri Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal deyib.
Ufuk Kamal bildirib ki, Vətən Müharibəsində əldə etdiyimiz qələbə ilə Azərbaycan yeni dönəmə qədəm qoydu:
“Artıq Azərbaycan diasporu da yeni dönəmin reallıqlarına uyğun şəkildə fəaliyyət göstərməlidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşada Zəfər Qurultayındakı çıxışı bizim üçün yol xəritəsidir. Hesab edirəm ki, Qurultayda iştirak edən hər bir soydaşımız öz fəaliyyətlərində bu fikirlərə əsaslanmalıdır. Biz yeni dönəmin reallıqlarına uyğun və daha ciddi şəkildə fəaliyyət göstərməliyik. Xarici media ilə əlaqələrimizi sıxlaşdırmalı, dövlət başçısının dediyi kimi, Azərbaycan həqiqətlərini, postmüharibə dövrünün reallıqlarını, eləcə də tariximiz və digər məsələləri xarici cəmiyyətlərə anlatmalıyıq”. Şuşanın türk dünyasının daimi mədəniyyət paytaxtı olmasını arzu edirəm Ufuk Kamal eyni zamanda Şuşa ilə bağlı təklifini də səsləndirib. “Şuşamız azad edildiyi andan etibarən üzərinə düşən tarixi missiyanı, Azərbaycanın mədəniyyət paytaxtı vəzifəsini layiqincə yerinə yetirir”, – deyə vurğulayıb:
“Bu arada TÜRKSOY-un da Şuşanı türk dünyasının müvəqqəti mənəvi paytaxtı seçməsi digər türk dövlətlərinin Şuşanın bu önəmini qəbul etməsinin göstəricisidir. Artıq Şuşa öz üzərinə sadəcə Azərbaycan deyil, bütün türk xalqları qarşısında birləşdirici, mədəni inkişaf yükünü götürüb və bunun birliyimiz naminə ciddi nəticələri olacaq. Amma içimdən gələn bir arzumu bölüşmək istəyirəm. Artıq türk xalqlarının inteqrasiya prosesi günü-gündən daha da sürətlənir. Dövlət böyüklərimizin birbaşa iştirakı ilə önəmli addımlar atılır. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akdemiyası və başqa təşkilatlarımızın yerləşdiyi və daimi iqamətgahı olacaq, Türkün Nyu-Yorku, Cenevrəsi, Vyanası funksiyasını yerinə yetirəcək şəhərimiz yoхdur. Ona görə də Şuşanın türk dünyasının daimi mədəniyyət paytaxtı olmasını arzu edirəm”.