Ukraynada “Skala” polkunda əsgərlərə işgəncə verən hərbçilər saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) Kirovoqrad vilayətində yerləşən məşhur “Skala” polkunun tibb bölüyünün iki hərbi qulluqçusunu öz xidmət yoldaşlarına işgəncə verməkdə və onları qanunsuz saxlamaqda rəsmən ittiham edib.
İstintaqın məlumatına görə, 2026-cı ilin may ayında iki hərbçi daxili nizam-intizam qaydalarını pozduqları üçün müalicə olunduqları xəstəxanadan çıxarılaraq hərbi hissənin tibb məntəqəsinə göndəriliblər. Lakin digər xidmət yoldaşları onları bu hərəkətlərinə görə özbaşına şəkildə “cəzalandırmaq” qərarına gəliblər.
Məlumata əsasən, əsgərlərdən biri huşunu itirənə qədər amansızlıqla döyülüb və kəllə-beyin travması, burun sümüyünün sınığı, həmçinin çoxsaylı digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İkinci əsgər isə daha bir sutka ərzində qanunsuz olaraq saxlanılıb, sonradan o da kəllə-beyin travması, çoxsaylı hematoma və əziklərlə klinikaya çatdırılıb.
Faktla bağlı hərbi qulluqçuların hüquqlarının pozulması, işgəncə və qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə cinayət işi başladılıb.
Hər iki şübhəli şəxs barəsində təhqiqat tədbirləri davam edir.
Xuraman Etibarlı
İnterpress.аz






