ABŞ-İtaliya reysini həyata keçirən United Airlines təyyarəsi kabin təzyiqində yaranan problem səbəbindən 10 dəqiqə ərzində 28 min fut (təxminən 8 min 500 metr) aşağı enərək qalxdığı hava limanına qayıdıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Nyu-Cersidən İtaliyanın paytaxtı Romaya getmək üçün Nyuark Beynəlxalq Hava Limanından yerli vaxtla saat 20.37-də havaya qalxan United Airlines təyyarəsində kabin təzyiqində problem yaranıb.
270 sərnişin və 14 nəfərlik ekipajı daşıyan təyyarə 10 dəqiqə ərzində 28 min fut aşağı enməli olub.
Daha sonra təyyarə yerli vaxtla saat 00.27-də Nyuark Beynəlxalq Hava Limanına qayıdıb.
United Airlines-ın sözçüsü ABŞ mətbuatına verdiyi açıqlamada təyyarənin “kabin təzyiqi ilə bağlı problemi həll etmək üçün” geri qayıtdığını bildirib.